Anası ilə danışandan üç saat sonra şəhid oldu - REPORTAJ

# 10:47
28 aprel 2021

Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn gənclərdən biri də Cəmil Əflatun oğlu Həşimlidir.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Cəmil 11 avqust 1995-ci ildə Kürdəmir rayonunda anadan olub.

 

2002-2013-ci illərdə Kürdəmirdəki Famil Həşimov adına 3 saylı tam orta məktəbində təhsil alıb. Təhsilini başa vurduqdan sonra 2013-cü ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidmətini 2013-cü ildə Astara rayonunda sərhədçi olaraq keçib. 

 

Ailədə üç qardaşın ikincisi olan Cəmil həmişə qardaşlarına və anasına arxa olub, xüsusi bacarığı ilə fərqlənib. Vətənə olan borcunu yerinə yetirdikdən sonra qısa müddət rayonda avtomobil ustası kimi fəaliyyət göstərib. Lakin Vətənə olan sevgi onu hərbçi peşəsini seçməyə sövq edib. Bakıda kurs keçdikdən sonra gizir rütbəsi alıb.

 

Vətən Müharibəsinin ilk günündən döyüşlərə qatılan gizir Cəmil Həşimli Füzuli, Cəbrayıl və Xocavəndin işğaldan azad olunması uğrunda şərəfli döyüş yolu keçib. Son döyüşü isə Fizuli istiqamətində olub. Oktyabrın 5-də düşmənin snayper gülləsinə tuş gələrək şəhid olan Cəmil Həşimli bir gün sonra Kürdəmir Şəhidlər Xiyabanında dəfn olunub.

 

Şəhidin anası Simuzər xanım deyir ki, Cəmil uşaqlıqdan çox zəhmətkeş olub: “Hələ hərbi xidmətdə olanda dəfələrlə hərbi hissə komandiri tərəfindən mənə zəng edib və ya yanına gedəndə təşəkkür edirdilər ki, belə bir tərbiyəli, vətənpərvər bir oğul böyütmüsən. Cəmilin son gününə kimi bayraq yanında olub. Hətta iş saatı bitəndə belə bayrağı səliqə ilə qatlayıb ürəyinin üstünə qoyurmuş. Sonuncu danışığımız oktyabrın 5-də axşam saat 5 radələrində oldu. Dedi, posta gedirik, qayıdanda özüm zəng vuracam. Axşam saat 8-də Kürdəmirdən zəng vurdular ki, Cəmil yaralanıb, gətiririk. Mən onun yaralı olduğuna inanmırdım. Bilirdim ki, Cəmil bura ya qazi, ya da qalib kimi deyil, şəhid kimi qayıdacaq”.

 

Dayısı Məzahir Məmmədov Cəmilin hələ uşaq yaşlarından işləyib çörəkpulu qazandığını bildirib: “Cəmil əsgərliyə gedib qayıdandan sonra onda vətənə qarşı bir sevgi yarandı. Bu səbəbdən hərbçi olmağı istədi və belə də etdi. Döyüşlər başlayandan iştirakçı oldu və şəhidlik zirvəsinə yüksəldi. Biz Cəmillə fəxr edirik. Fəxr edirik ki, o, tarixə adını yazdırdı, bizim başımızı uca etdi”.

 

Şəhid Cəmil Həşimlinin adına məzunu olduğu 3 saylı şəhər tam orta məktəbin həyətində bulaq inşa edilib. Açılış mərasimində Milli Qəhrəman Polad Həşimovun və şəhid Xudayar Yusifzadənin anaları da iştirak edib. (https://video.azertag.az/site/video/115559)

 

Şəhid gizir Cəmil Əflatun oğlu Həşimli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.                                                                                 

 

Zahid Abışov,

Devran Əsgərov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR