Aptek və evdən oğurluq edən şəxslər ələ keçdir

# 14:36
14 iyun 2022

Şəkidə şəhər ərazisində yerləşən apteklərin birindən mobil telefon, seyf və kassada olan pulun oğurlanması ilə bağlı polis şöbəsinə müraciət daxil olub.

APA TV-nin məlumatına görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları əməli törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər də məhkum olunmuş Ayxan Səlimovu saxlayıb. Saxlanılan şəxsdən oğurladıqları, eləcə də obyektin qapısını açmaqda  istifadə etdiyi soyuq silah maddi sübut kimi götürülüb.

Araşdırma zamanı Ayxan Səlimovun digər cinayət əməllərinin də üstü açılıb. Saxlanılan şəxsin respublikanın digər şəhər və rayonlarında da bir qayda olaraq apteklərdən oğurluq etdiyi məlum olub.

Keçirilmiş digər bir əməliyyat-istintaq tədbirləri nəticəsində isə fərdi yaşayış evindən ümumilikdə 2300 manat dəyərində mis qazan, samovar, məcməyi və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şəki  şəhər sakini Qismət Abdurrəhimov tutulub. Saxlanılan şəxs əməlini etiraf edib və oğurladığı əşyaları əlvan metal qəbulu məntəqəsinə satdığını bildirib.

Faktlarla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, saxlanılan şəxslərin digər qanunazidd əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR