AQTİ-nin laboratoriyaları hazır vəziyyətə gətirildi, səyyar kəsim məntəqələri yaradıldı

# 18:42
14 iyul 2021

İyulun 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan, rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvanda kəsim məntəqələri təşkil ediləcək.

APA TV-nin xəbərinə görə, həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.

AQTA-nın şöbə müdiri Mansur Piriyev deyir ki, bu satış və kəsim məntəqələrindən 53-də həm kəsim həm satış, 18-də yalnız satış xidmətləri, 17-də isə kəsim xidmətləri həyata keçirəcək: “Ötən ildən formalaşmış ənənələr daha da genişlənəcək. Mütərəqqi müsəlman ölkələrində ənənə halını almış qurbanlıq heyvanların satış şəbəkələri vasitəsilə onlayn  şəkildə sifariş olunmaqla çatdırılmasının daha geniş şəkildə yayılması nəzərdə tutulub. Agentliyin afsa.az saytına daxil olmaqla həm kəsim və satış məntəqələrinin ünvanlarını, həmdə ki, bir neçə gün əvvəl vətəndaşların öz sifarişlərini verməsi üçün prosesə qoşulmuş  satış şəbəkələrinin ünvanlarını oradan əldə edə bilərlər”.

Qurbanlıq heyvanların kəsilməsi üçün səyyar kəsim məntəqələri də fəaliyyət göstərəcək. Mansur Piriyev kəsim məntəqələrində heyvanların gigiyenik qaydalara əməl olunaraq kəsilməsinin vacibliyini vurğulayır: “Hazırda dayandığımız bu məntəqədə həmin səyyar məntəqələrdən biridir. Bu gördüyünüz çadır tipli kəsim məntəqəsində kəsimin gigiyenik qaydalara uyğun həyata keçirilməsi üçün bütün şərait yaradılıb. Kəsim məntəqələrində heyvanlar kəsimdən əvvəl, baytar müfəttişləri tərəfindən onlara baxış keçirilir. Məsələn bu səyyar tipli kəsim məntəqəsində ərazidə heyvanın qansızlaşdırılması həyata keçirilir. Daha sonra isə orta bölmədə yerləşən təmizləmə hissəsində heyvanın cəmdəyi, daxili orqanları təmizlənir. Yuyulma işlərindən sonra, təmiz formada növbəti bölməyə keçirilərək hissələrə ayrılır və istehlakçıya təqdim olunur”.

AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasının müdiri Aytən Hacıyeva deyir ki, kəsim zamanı hər hansı xəstəliklə bağlı şübhələr yaranarsa həmin heyvan satışdan çıxarılacaq və ondan nümunələr götürülərək laboratoriyaya təqdim olunacaq: “Heyvandan nümunələr götürülüb laboratoriyaya veriləcəkdir. Hal-hazırda Bakıda bir stasionar baytarlıq laboratoriyası, regionlarda isə stasionar laboratoriyalar hazır vəziyyətə gətirilib. Onlar bayram günlərində daha gücləndirilmiş mərhələdə fəaliyyət göstərəcəklər. Bundan başqa, səyyar məntəqələr də kəsim məntəqələrinin ətrafında olacaqdır”.

Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR