Asfalt örtüyü və nişanlar yox, xətlər də bilinmir - MƏNZİL BAŞINA ÇATMAQ MÜŞGÜLƏ ÇEVRİLİB

# 13:24
5 iyul 2022

Bu yol Astaranın dağ kəndlərinə aparır. Buradan mütəmadi istifadə edənləri isə yolboyu bir sual narahat edir: sağ-salamat mənzil başına gedib çatacağıqmı?

APA TV-nin yerli bürosu məlumat verir ki, çətin relyefə malik dağlıq ərazidən keçən Təxtənəkəran-Toradi avtomobil yolunda sürüşmə yenidən aktivləşib. Yolda 2015-ci ildə müəyyən torpaq işləri görülüb, lakin asfalt örtüyünün çəkilməsi 2017-ci ilin sonlarında tamamlanıb. Bir neçə aydan sonra isə yolda müəyyən problemlər yaranmağa başlayıb və 25 km uzunluğu olan yolun hazırda 800 metrində ciddi problemlər var. Asfalt yolda iri çalalar və çökmələr əmələ gəlib. İntensiv yağan yağışlar səbəbindən dağdan sürüşərək yola tökülən torpaq qatı asfalt örtüyünü tamamilə dağıdıb. Nəticədə nəqliyyatın hərəkətinə ciddi maneələr törədir, hər an qəza şəraiti yarana bilir. Bu da həm sürücülərin, həm də sərnişinlərin haqlı narazılığına səbəb olur. Turizm əhəmiyyəti daşıyan yolun yay mövsümündə belə vəziyyətdə olması ölkəmizə gələn və yerli turistlər üçün heç də ürəkaçan deyil. Yolun təbii proseslər nəticəsində sürüşməyə məruz qalmasından əlavə, burada yol xətlərinin və nişanlarının olmaması vəziyyəti daha çətinləşdirir. Dumanlı hava şəraitində və gecə saatlarında nəqliyyatın hərəkəti təhlükəli hal alır.

Astaranın Motalayataq kənd sakini Murad Muradov deyir ki, yollarımız bərbad gündədir, baxan yoxdur: “Güc, bəla ilə gedib gəlirik, qışda ümumiyyətlə getmək mümkün deyil. Xəstə var, qoca var bu yolda getmək mümkün deyil. Xahiş edirik aidiyyəti orqanlardan bu yola bir  baxsınlar. Maşının bütün peredok dağılır təkərlər, bu yolda neçə dəfə partlayıb”.

Lerik sakini Etibar Əliyev şəhid atası kimi yolların təmiri üçün köməklik istəyib: “5 ildir bu yol çəkilib, demək olar ki, yolun çox hissəsi dağılıb. Qış aylarında duman olanda ağ xətt yoxdur yollarda, mümkün deyil görmək, nə qədər qəzalar olub. Lerikin 3-4 kəndi, minə yaxın sakin bu yoldan istifadə edirik, yolumuz çox bərbad vəziyyətdədir, xahiş edirik həm öz ailəm adından bizə bir köməklik göstərsinlər”.

Astaranın Miki kənd sakini Rəfail Xalıqov isə bildirir ki, mütəmadi Təxtənəkəran-Toradi yolundan istifadə edir: “Yol göz qabağındadır, qısa müddətdir bu yol çəkilib. 4-5 il ərzində çəkilən yol bərbad vəziyyətdədir. Artıq bu yay ayıdır biz bu yoldan çətinliklə gedirik, bunun qış aylarında ümumiyyətlə günlərlə biz bu yolda qalırıq, əziyyət çəkirik. Xahiş edirik aidiyyəti qurumlardan bizim xahişimizi nəzərə alsınlar, bu yol haqqında bir tədbir görsünlər. Çətinlik odur ki, qarda sürüşmələr olur. Dəfələrlə neçə saatlarla dayanıb, yol açılana qədər bu yolda günlərlə dayananlar olub”.

Ərazi nümayəndəsi Səlahəddin Əliyevin sözlərinə görə isə sürüşmə, çökmələr olub, həm də yolun alt qatının asfalta hazırlanmasında səhlənkarlıq, müəyyən işlərin düz görülməməyi ucbatından belə problemlər yaranıb: “Zolaqlar həmişə problem olub. Əvvəllər haradasa 7 km zolaqlar çəkilmişdi, o tam aparılmayıb. Hal-hazırda Uləsi deyilən dağ var, yolun ortasında yerləşir, haradasa 4-5 km-dir. Həmin yolda ilin 4 fəsli də duman olur. Elə vaxt olur ki, sürücülər duman düşür sərnişini çıxardır ağ bayraqla qabaqda gedə-gedə maşınlar həmin ərazidən keçirlər bir hadisə baş verməsin. Ümumiyyətlə yollarda nişanlar qoyulmayıb, bura bələd olan sürücülər gedəndə bilirlər döngə haradadır, sərt yerlər haradadır, ancaq o nabələd sürücülər gəlir, turistlər gəlir onlar ərazini tanımırlar və dəfələrlə o döngələrdən düzgün istiqamət götürmədikdə burada nişanlar ucbatından qəzalı şəraitlər yaranmışdı”.

Sadalanan problemlərlə bağlı yolun balansında olduğu 49 saylı Yol İstismarı MMC-yə müraciət etdik. İdarədən bildirildi ki, problemlərdən xəbərdardırlar və yolu nəzarətdə saxlayırlar: “Yolun asfalt örtüyünün sıradan çıxması təbii hadisələrlə əlaqəlidir, digər problemlər isə yolu tikən podratçı şirkət tərəfindən vaxtında həll olunmalıydı. Zamanında podratçı təşkilat tərəfindən yol nişanları və xətləmə yolun yarısına kimi aparılıb. Sonra yarımçıq saxlanılıb və dəfələrlə müraciətlərə baxmayaraq, müsbət bir nəticə almaq mümkün olmayıb. İqlim şəraiti və yağıntılara görə sözügedən yolda müəyyən problemlər yaşanır, uçqunlar baş verir. Yoldakı müəyyən çətinliklər idarənin kollektivi tərəfindən tez-tez aradan qaldırılır, amma təbii proseslərin baş verməsinin əvvəlcədən qarşısını almaq mümkün olmur. Yolda xətlərin çəkilməsi və nişanların qoyulmasına gəlincə isə, hələ ki planda yoxdur”.

Qeyd edək ki, Təxtənəkəran-Toradi avtomobil yolundan Astara və Lerik rayonlarının ümumilikdə 19 kəndi, 7000-dən çox sakini istifadə edir.

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Astara

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR