Astarada ekstrasensin evində dəhşətli yanğın: Yarım milyon ziyan dəydi

# 17:48
13 aprel 2022

Astarada ekstrasensin üçmərtəbəli evi tamamilə yanıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, dünən axşam saat 8 radələrində rayonun Şuvi kənd sakini, 1983-cü il təvəllüdlü Şaban Məmmədsəfa oğlu Məmmədova məxsus, ümumi sahəsi 600 kvadratmetr olan evdə yanğın olub. 3 mərtəbəli, 9 otaqlı ev içindəki əşyalarla birgə tamamilə yanıb. Hadisə zamanı evdə qonaqlarla birgə 15 nəfər olub. Hadisədən əvvəl elektrik sayğacının açarı avtomatik olaraq sıradan çıxıb və elektrik naqillərində qısaqapanma baş verib. Mansardan başlayan alov o qədər sürətlə yayılıb ki, evdəkilər qarşısını kəsə bilməyiblər. Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin Astara Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Küləkli hava şəraitinə baxmayaraq yanğınsöndürənlərin ciddi səyləri nəticəsində yanğının ətrafdakı evlərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb. 


Qeyd edək ki, ev sahibinin mərhum atası Məmmədsəfa Məmmədov tanınmış ekstrasens olub və bu yanmış evdə yaşayıb. Yanğın zamanı onun istifadə etdiyi kitablardan başqa digər bütün əşyalar yanıb. 

Ev sahibi yanğın nəticəsində ona təxminən yarım milyon manat dəyərində maddi ziyan dəydiyini deyir. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Astara

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR