Ataya da tələbə krediti VERDİLƏR

# 17:47
12 sentyabr 2022

Təhsil Tələbə Krediti Fondunun 2021/2022-ci tədris ilinin yekununa dair Hesabat-təqdimatı keçirilib. Tədbirdə Milli Məclisin 30-a yaxın deputatı və KİV nümayəndələri iştirak edib.

 

Görüşdə Fondun İdarə Heyətinin sədri Araz Paşayev ölkəmizdə təhsilin inkişafına dövlət qayğısının bariz nümunəsi olan Təhsil Tələbə Kredit Fondunun fəaliyyət istiqamətləri və hədəfləri barədə məlumat verib: “2021-2022-ci təhsil ili üzrə təhsil tələbə kreditləri ilə bağlı 10 597 nəfər rəsmi olaraq sistem üzərindən kredit almaq üçün müraciət edib. Yekunlaşdırılmış 7962 müraciətdən 6815-nə müsbət cavab, 1147 müraciətə isə imtina verilib. Bu da artıq bitmiş qeydiyyatdır”.

 

Araz Paşayev Eyni ailənin iki və daha çox üzvünə rəsmiləşdirilmiş təhsil tələbə krediti ilə bağlı statistikanı da açıqlayıb. Onun sözlərinə görə, 2021-2022-ci tədris ilində 4 ailənin 3 üzvü təhsil tələbə krediti alıb.

 

Bir ailə payız, 3 ailə isə yaz semestrində kredit alıb. Bir ailədən ata və iki övladı kredit götürməyə müvəffəq olub. Həmçinin 270 ailənin iki üzvü təhsil tələbə krediti alıb. Onlardan 96-sı payız, 174-ü isə yaz semestrində kredit alıb. 

 

Bundan başqa, Texniki peşə məktəblərində təhsil alanlara təhsil tələbə kreditlərinin verilməsi məsələsi də müzakirə olunur. Araz Paşayev bildirib ki, növbəti ilin sentyabrından texniki peşə təhsili üzrə təhsil alanlara da tələbə kreditlərinin verilməsinə başlanıla bilər.

 

Qeyd edək ki, təhsil tələbə krediti almaq istəyən tələbələr öz ərizələrini notariat ofisinə getmədən, "Mobil notariat" tətbiqi vasitəsilə təsdiqlədə bilərlər.

 

Tədbirdə o da vurğulanıb ki, standart təhsil krediti almaq hüququnu müəyyən edən ümumi bal 300-dən 250-yə salınıb.

 

Nərmin Murad,

Ceyhun Mustafayev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR