Avropa Azərbaycan Məktəbində "Model BMT" adlı konfrans keçirildi

# 16:50
8 oktyabr 2022

Avropa Azərbaycan Məktəbində şagird şurası tərəfindən hazırlanan "Model BMT" adlı konfrans keçirilib. APA TV xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Avropa Azərbaycan Məktəbinin orta təhsil binasının rəhbəri Linda Tompson bütün nümayəndələri və konfrans iştirakçılarını salamlayıb və onlara konfransdakı işlərində uğurlar arzu edib. Konfransda iştirak edən Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi Amanda Orpana real BMT konfranslarının məqsədlərini iştirakçılara izah edərək konfransın ümumi konsepsiyası haqqında məlumat verib. Layihənin təşkilatçı və fəalları Sara Nabikoğlu konfransın işi və sessiyalar barədə məlumat verib: "Model BMT-nin biz tərəfdən hazırlanan bu konfransını keçirmək şagird şuramızın keçən ildən planlaşdırdığı layihə idi. Onu da qeyd edim ki, bu bizim məktəbimizin tarixində ilk dəfədir və iki gün davam edəcək. Bu gün diskussiyalar, sabah isə bu diskussiyalardan çıxan nəticənin və problemin həlli yönündə müzakirələrimiz olacaq". Aysu Sultanlı isə layihədəki komanda işinə diqqət çəkib: "Bugünkü tədbir üçün, yəni Model BMT üçün may ayından çalışırıq və bu bir komanda işidir. Komanda olaraq, hər detalı incəliyinə qədər düşünüb və üzərində işləmişik. Ümid edirik ki, istədiyimizə nail olacağıq". Model BMT-nin təşkilatçılarından biri Yusif Əliyev də layihə ilə bağlı təəssüratlarını bölüşüb: "Hər nə qədər ilk hazırladığımız model və konfrans olsa da, düşünürəm ki, kifayət qədər uğurlu ola bilmişik. Bizim model BMT hesab edirəm ki, beynəlxalq aləmdəki model BMT-dən aldığımız təcrübə ilə BMT-nin ən gerçəkçi model BMT-sinə bərabərdir". Çıxışlar yekunlaşdıqdan sonra konfrans sessiyalarla öz işini davam etdirib. Sessiyalarda şagirdlər komanda halında müzakirələr aparıb və təkliflər irəli sürüb. Qeyd edək ki, Model BMT konfransının əsas məqsədi şagirdlərə bir fərd olaraq özgüvən vermək və özünü ifadə eləmək üçün yardımçı olmaq, onların ünsiyyət bacarıqlarını artırmaqdır. Konfransa Azərbaycanın bir sıra məktəblərindən 125 şagird qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR