Avtomobillərin şüşələrinə örtüklərin vurulması QAYDASI DƏYİŞDİ

# 19:43
23 yanvar 2023

“Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası” təsdiqləndi. Yeni qaydaya əsasən, nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə yol verilir.

 

Yeni qayda ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, avtomobillərdə yalnız arxa və yan şüşələrə pərdə, plyonka və jalüz çəkilməsinə icazə verilir. Lakin sürücünün yan şüşəsi və paralel şüşəyə plyonka, jalüz və ya pərdə çəkilməsi qadağandır.

 

Ekspert sürücülərin texniki baxış zamanı avtomobillərin plyonkasına qəsdən zərər vurulması iddiasına da aydınlıq gətirib.

Hüquq müdafiəçisi, keçmiş millət vəkili Çingiz Qənizadə isə yeni qərarı dəstəkləyərək bildirib ki, beynəlxalq konvensiyalara görə avtomobillərin arxa yan şüşələrinə və arxa şüşəsinə plyonka çəkilməsinə icazə verildiyi halda, Azərbaycanda bu hal qadağan edilmişdi.

Onun sözlərinə görə, hətta avtomobillərin qapısında olan zavod istehsalı şüşələrin çıxarılmasına da cəhdlər olunub.

Qeyd edək ki, qaydaya görə, plyonka şüşələrə içəri tərəfdən çəkilməli, jalüz və pərdələr pəncərələrə müvafiq olaraq içəri tərəfdən quraşdırılmalıdır.

Örtüklərin çəkilməsi (quraşdırılması) zamanı yol hərəkəti iştirakçılarına xəsarət yetirə və hərəkət üçün təhlükə yarada bilən amillərə yol verilməməlidir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR