Axtardığı sonuncu minanın qurbanı oldu - REPORTAJ

# 12:15
17 aprel 2021

Elməddin Tofiq oğlu Mirzəyev Ağcabədi rayonunun Yuxarı Qiyamaddınlı kənd sakinidir.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, 38 illik ömrünün 15 ilini ermənilərin basdırdığı minaları aşkarlayıb zərərsizləşdirməklə keçirib.

 

Elməddin ANAMA-da çalışdığı gündən digər minaaxtaran dostları kimi, hər gün çalışdığı minalı ərazilərdə ölümlə savaşıb. Onlar minlərlə mina və partlamamış hərbi sursatı aşkarlayaraq zərərsizləşdiriblər. Tək arzu və istəkləri isə günahsız insanlarımızın işğalçı ermənilərin qurduğu bu ölüm dəzgahına tuş gəlməməsi olub: “İşğaldan azad olunmuş ərazilərdə elə bir ərazi var ki, orda necə deyərlər, bəlkə heç Avropa ölkələrində də belə mina sürprizlərinə rast gəlinməyib. Necə bir sürpriz yerləşdiriblərsə, necə minalayıblarsa, minaların sayı-hesabı da yoxdur. Minalarda ara məsafəsi də yoxdur ki, deyəsən, heç olmasa 30-40 sm məsafə var. Minanı xalça kimi səriblər yerə. Elə bir sürprizlər yerləşdiriblər ki, onlardan hələ indi-indi baş açmaq olur ki, bu nə deməkdir”.

 

Elməddinin son iş günü 2021-ci ilin yanvarın 29-da olub. Bərdə-Ağdam dəmir yolu xəttinin minalardan təmizlənməsi tapşırığını alanda çox sevinib. Çünki Elməddin və dostlarının açdığı yol 30 il öz dədə-baba torpağına həsrət qalan insanların işğaldan azad olan ərazilərə qorxusuz və rahat qayıtmasına səbəb olacaqdı. Lakin həmin gün düşdüyü mina bütün sağlamlığını əlindən alıb - həm bir ayağından olub, həm də iki gözündən. Onun bütün arzuları həmin partlayışda qaranlığa qərq olub.

 

Elməddinin evində 4 oğul böyüyür. Həsən, Rəvan, Tofiq və Yaqub. Ən böyüyünün 18, ən balacasının 6 yaşı var.  “Əlbəttə ki, hamının arzusu övladların böyütmək, görüb boya-başa çatdırmaqdır. Amma mən minaya düşmüşəm, görmürəm. Allahın köməyi ilə yəqin ki, görərəm inşallah. İndi isə övladlarımı görmək arzusundayam mən də. Qohum-əqrəbam hamısı yığışıb başıma, heç kimi görə bilmirəm. Mina partlayışının nəticəsi budur - hər bir insanın arzusu, niyyəti ürəyində qalır”.

 

Elməddin bir gözünü tamamilə itirsə də, digər gözünün görmə ehtimalı var. İndi bir tərəfdən ayağının qismən düzəlməsi üçün protez ayağa, digər tərəfdənsə xaricdən gələcək gözün buynuz qişasına ehtiyac var. Elməddin də, ailəsi də əmindir ki, istər dövlət, istərsə də xeyirxah insanlar onun görən gözü olacaq:

 

Qərənfil Məmmədova qardaşının sağ-salamat olduğuna sevinir: “Əvvəla, çox şükür ki, aramızdadır, sağ-salamatdır. İnşallah, hər birimizin duamızdır ki, qardaşımızın gözü görsün. Hər şeydən vacib, önəmli odur. Bir əməliyyatı olub, ikinci əməliyyata hazırlaşır. Əməliyyatdan sonra buynuz qişası gəlməlidir xaricdən. İnşallah, ondan sonra bir də əməliyyat olub, sağlamlığına qovuşar Allahın izni ilə”.

 

Elməddin Mirzəyevin işğaldan azad olan ərazilərə qeyri-qanuni yolla keçmək istəyən soydaşlarımıza da deyəcəyi sözü var: “İnsanlarımız, millətimiz nə qədər ki, belə səhlənkarlıq etsələr, belə vəziyyətlər çox ola bilər. Xahiş edirəm mən də ki, heç kim keçməsin, ərazilərə keçməsin”.

 

Müsahibimiz deyir ki, 15 illik iş təcrübəsinə baxmayaraq, ermənilərin quraşdırdığı ölüm dəzgahının qurbanı olubsa, iki gözünü və bir ayağını itiribsə, deməli, minadan anlayışı olmayan bir insan üçün bu ərazilər daha təhlükəlidir. Bu səbəbdən də heç kim işğaldan azad olunmuş ərazilərə qanunsuz getməyə cəhd etməməlidir.

 

Habil Aslanoğlu

Ziya İsmayıloğlu

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR