Ayağımın altındakı oğlanı tapdayıb çıxıdım – Yaralı model partlayış anından danışdı

# 19:08
12 aprel 2022

Aprelin 3-ü gecə saatlarında Bakının mərkəzində yerləşən “Location” klubunda propan qazının sızması nəticəsində anidən baş verən partlayışda yaralananlardan biri də Merlin Rzayevadır. Əlləri, ayaqları və saçları yanan Merlin APA TV-yə partlayış anından danışıb: “Çox təsadüfi oldu. Heç birimiz ora getməyi planlaşdırmamışdıq. Atam xəstədir. Atamın yanından gəlirdim. Rəfiqəm zəng etdi, görüşməli olduq. İçəri girəndən yarım saat sonra hadisə baş verdi. Gülüb-danışdığımız yerdə bir andaca hər şey yox oldu. Duman, qaranlıq, od-alov vardı hər yerdə. Əslində əvvəl elə bildim ki, bütün Azərbaycana nə isə oldu. O anda heç bir ağrı hiss etmədim. Ayaqlarımdan 2-ci dərəcəli yanıq xəsarəti almışam”.

Merlin Rzayevanın sözlərinə görə, partlayiş o qədər güclü olub ki, hər kəs öz canını qurtarmağın hayına düşüb. İnsanlar çoxu yaralı halda yerdə uzanmışdılar: “Özümdən getdim və birdən hiss etdim ki, məni bir oğlan qaldırır, səsləyir. Sevindim ki, insan səsi eşitdim, demək sağam. Məni çıxardanda ayağımın altında bir oğlan var idi, məcbur oldum, tapdalayım keçim. Can şirin şeydir, qaçmalısan ki, sağ qalasan”.

Klubda baş verən partlayış sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb oldu. Yaralanan şəxslər “Ramazan ayında gecə klubunda onların nə işi var” kimi qınaqlara tuş gəldilər. Merlin də qınananlar sırasında idi: “Pis oluram. Çünki bilmədən önyarğılı davranırlar, bir aylıq müsəlmanlar. Orda işçilər, xadimə də oruc idi. Sözsüz ki, onlar iftarını orda edəcəkdilər. Mən də həmin gün oruc idim. Düşündüm ki, sabaha da oruc tutacam, iftarımı orda açdım. Bunun mən olduğum məkana, içki verilən yerə heç bir aidiyyəti  yoxdur. Harda oluramsa olum, bir stəkan su da olsa, içəcəkdim. Hər hansı başqa restoranda olsam da, deyəcəkdilər ki, gecə 3-də orda nə gəzirdin? Mən pisəmsə, her yerdə pisəm. Belə insanlar insanı dindən daha da uzaqlaşdırır. Hamı Allahın elçisi olub”.

Qeyd edək ki, partlayışda 37 nəfər xəsarət alıb, 1 nəfər hadisə yerində vəfat edib. Daha sonra xəsarət alan 3 nəfər xəstəxanada həyatını itirib. Bundan başqa, partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR