Azad edilən ərazilərdə tekstil fabrikləri qurulacaq – 50 MİLYON DOLLAR İNVESTİSİYA QOYULACAQ

# 14:38
21 yanvar 2021

Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə tekstil fabriklərinin qurulması üçün ilkin mərhələdə 50 milyon dollar investisiya qoymağı nəzərdə tutur.

 

APA TV-nin xəbərinə görə, bunu Bakıda səfərdə olan Türkiyə Cümhuriyyətinin Tüm Kalkınma İş Adamları və Girişimcilər Dərnəyinin (TÜMKİAD) İdarə Heyətinin sədri İlhami Öztürk Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası ilə keçirdiyi görüşdə bildirib. Görüş zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işləri, orada məskunlaşacaq insanların məşğulluğunun təmin edilməsi məsələləri müzakirə edilib.

 

İlhami Öztürk bildirib ki, rəhbərlik etdiyi təşkilat həmin ərazilərdə bərpa işlərinə dəstək göstərməyə hazırdır və səfərin məqsədi Azərbaycanın müvafiq qurumları ilə bu məsələləri müzakirə etməkdir: “Biz həm də öz təcrübəmizi yerli iş adamları ilə bölüşmək niyyətindəyik. Azərbaycanda tekstil fabrikinin tikintisi, həm də ixracata müsbət töhfə verəcək. Belə ki, istehsal olunacaq məhsul Rusiya, Ukrayna və digər ölkələrə ixrac oluna bilər. Görüşlərin nəticəsi olaraq, fabrikin hansı bölgədə tikiləcəyinə dair qərar veriləcək".

 

Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov isə bildirib ki, bu günə kimi də Azərbaycana türk iş adamlarının yatırımları olub. Bundan sonrada müxtəlif sahələrdə bu cür iş birliklərinə konfederasiya olaraq dəstək veriləcək: “Bu il bir qədər fərqlidir, çünki bütün layihələr Qarabağın, işğaldan azad olunan torpaqlarımızın yenidən qurulub, bərpa edilməsinə hesablanıb”.

 

Görüşün sonunda Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Türkiyənin Tüm Kalkınma İş Adamları və Girişimçilər Təşkilatı (TÜMKİAD) arasında anlaşma memorandumu imzalanıb. Memorandumun nəticəsi olaraq, iki ölkənin iş adamları arasında biznes-forumun təşkil olunacağı qərara alınıb.

 

Daha sonra Türkiyəli iş adamları ilə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri arasında görüş keçirilib: “Bu gün bu ərazilərin tikilib yenidən qurulması üçün xarici sərmayələrində yatırılmasına ehtiyac var. Türkiyə savaş müddətində Azərbaycanın yanında oldu. Hər zaman olduğu kimi Azərbaycan iqtisadiyyatına sərmayənin cəlb edilməsinə görə Türkiyə prioritet ölkələrdən biridir. Bununla bağlı cənab Prezident İlham Əliyev tərəfindən xüsusi vurğulanmışdır ki, dost ölkələr bərpa prosesinə daha yaxından cəlb ediləcək. Bu baxımdan hazırda sərmayəyə ehtiyac var, çünki hazırda həmin rayonlar tamamilə dağıdılıb”. 

 

Deputat Vüqar Bayramov onu da bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası üçün ölkəmizə dəstək göstərmək istəyən Türkiyə şirkətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq bütün şəraiti yaradılacaq.

İlahə Vəliyeva,

Faiq Həsənov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR