Azərbaycan-Ermənistan: avtomobil yolu hansı kəndlərdən keçəcək? - ARAŞDIRMA

# 14:35
8 aprel 2022

Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regionda yeni geosiyasi reallıq yaradıb. Yeni geosiyasi reallıq Zəngəzur dəhlizinin açılmasını da bir zərurətə çevirib. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və təkidi ilə 2020-ci ilin 9/10 noyabr tarixli üçtərəfli bəyanatda Azərbaycanla Naxçıvan arasında nəqliyyat və kommunikasiyaların bərpası öz əksini tapıb, 2021-ci ilin 11 yanvar tarixli üçtərəfli bəyanatda bir daha Ermənistanın bu sahədə öhdəliyi qeyd olunub. Bu dəhliz tək Naxçıvanla avtomobil və dəmir yolları ilə əlaqəni təmin etməyəcək, Azərbaycanla Türkiyə, Asiya və Avropa arasında yeni bir nəqliyyat qovşağı olacaq.

 

Əslində dəmir yolu və avtomobil yollarının keçəcəyi Zəngəzur dəhlizi uzun illərdir blokada vəziyyətində olan Ermənistanın həm Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələrini bərpa etmək, həm də beynəlxalq tranzitdə mühüm ölkələrdən birinə çevrilməsi üçün fürsət yaradır. Rəsmi İrəvan ötən müddətdə Zəngəzur dəhlizindən dəmir yolu xəttinin çəkilməsinə razılıq versə də, avtomobil yolu ilə bağlı fikir ayrılığı qalmaqdadır. Ermənistan avtomobil yolu üçün fərqli - Laçın-Gorus-Biçənək marşrutunu təklif edir. Bəs Asiyadan Avropaya yükdaşımalarda önəmli paya sahib olacaq Zəngəzur dəhlizindən avtomobil yolunun çəkilişi ilə bağlı İrəvanın fərqli mövqe sərgiləməsinin səbəbi nədir?

 

Qeyd edək ki, Azərbaycan tərəfi Zəngəzur dəhlizi, başqa sözlə, avtomobil yolunun Naxçıvanla ən qısa və iqtisadi cəhətdən ən səmərəli olan Zəngilan-Nüvədi-Mehri-Ordubad marşrutundan keçməsini təklif edir. Ermənistan tərəfinin Laçın-Gorus-Biçənək üzərindən keçməsini istədiyi yol isə həm uzundur, həm də relyef cəhətdən əlverişsizdir. Xüsusən qarlı havalarda bu yoldan istifadə böyük çətinlik yarada bilər. Elə buna görədir ki, hələ SSRİ dövründə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanla Naxçıvan arasında əlaqənin təmin edilməsi üçün Zəngilan-Nüvədi-Mehri-Ordubad yolunun çəkilməsi gündəmə gətirilmişdi.

 

Prosesin əsas iştirakçısı olmuş, Azərbaycan SSR avtomobil yolları tikinti və istismar nazirinin müavini vəzifəsində çalışmış Mahir Ələkbərov APA-ya açıqlamasında bildirib ki, Azərbaycanın hazırda təklif etdiyi variant sovet dövründə də müzakirəyə çıxarılmış və SSRİ Plan Komitəsindən müsbət rəy alınmışdı”.

 

Onun sözlərinə görə, SSRİ Ali Sovetindən yolun açılmasına razılığın alınmasında Heydər Əliyevin böyük xidmətləri olub: “1974-cü ildə tikintisinə başlanılan yolun çəkilişi 1980-ci ildə başa çatdırılmalı, bu yolun 48 km-i Mehri rayonu ərazisindən keçməli idi. 1977-ci ilin sonuna qədər mərkəzi hakimiyyət orqanları yolun texniki-iqtisadi əsaslandırma variantlarından başqa heç nə təqdim etməmişdilər. O dövrdə də Ermənistan hər vəchlə bu unikal variantın reallaşmasına qarşı çıxmışdı. Heydər Əliyevin təkidi ilə yolun çəkilməsi ilə bağlı məsələ SSRİ Nazirlər Sovetinin iclasında müzakirə edilib. Ermənilərin iddiaları rədd edilərək, Heydər Əliyevin təkidi ilə SSRİ Nazirlər Soveti Zəngilan-Nüvədi-Mehri-Ordubad yolunun çəkilməsi barədə qərar vermişdi. Yolun Ermənistan hissəsi hələ tikilməmiş, 1982-ci ildə Plan Komitəsinin təklifi əsasında Nazirlər Soveti onun ümumittifaq yollar siyahısına salınması barədə qərar qəbul etmiş və şərti olaraq "A-324" adlandırılmışdı. Lakin 1982-ci ildən sonra Ermənistan müxtəlif yollarla əngəl yaratmağa başladı və düz 3 il yolun açılması ləngidi. Heydər Əliyev 1983-cü ildə tikinti işlərinin dayanmasından sonra yolun açılmasına razılıq vermələri üçün Ermənistan SSR-nin birinci katibi Dəmirçyana şifahi müraciət etmişdi. Daha sonra isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kamran Bağırova və Azərbaycan SSRİ Nazirlər Sovetinin sədri Həsən Seyidova rəsmi məktub göndərilməsini tapşırmışdı. Lakin Ermənistan SSR-dən cavab gəldi ki, yerində yoxlama aparılıb və guya buradan yolun çəkilməsi mümkün deyil. Buna baxmayaraq, Heydər Əliyev məsələni daim nəzarətində saxlayırdı. Onun SSRİ-də tutduğu mövqe bizə bir çox məsələnin həllində kömək etmişdi. Onlardan birini xüsusi qeyd etmək istəyirəm. Deməli, SSRİ Plan Komitəsi sədrinin birinci müavini Viktor Biryukovun qəbuluna düşməsi üçün ölkələrin mərkəzi komitələrin birinci katibləri, Nazirlər sovetlərinin sədri növbəyə yazılırdı. Mənə isə deyilmişdi ki, bu məsələ ilə bağlı nə zaman lazım olsa, birbaşa gələ bilərsən. Təbii ki, o birbaşa məni tanımırdı, bu imtiyaz Heydər Əliyevə görə verilmişdi. O, yaxşı bilirdi ki, SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini Heydər Əliyev bu məsələ ilə maraqlanır”.

 

Mahir Ələkbərov qeyd edib ki, nəhayət, 1985-ci ildə SSRİ Nazirlər Soveti yolun Azərbaycanın təklif etdiyi variantda tikilməsi barədə tapşırıq verdi: “Həmin sənədə əsasən, Ermənistan tərəfi bir ay müddətində yol üçün ərazi ayırmalı idi. Ermənistan Nazirlər Sovetinin qərarına əsasən 38,5 hektar yer ayrıldı,

 

1986-cı ildə işlərə başlanıldı və Nüvədiyə qədər olan hissənin tikintisi yekunlaşdı. Lakin 1988-89-cu illərdə soydaşlarımızın deportasiyası və millətlərarası münaqişə tikintinin başa çatdırılmasına imkan vermədi”.

 

Ancaq Azərbaycanın bu yaratdığı yeni geosiyasi reallıq və dünya super güclərinin də Zəngəzur dəhlizinin açılmasında xüsusi marağının olması fonunda artıq Ermənistanın bu unikal layihənin qarşısını almaq imkanları aradan qalxmaqdadır.

 

İrəvan gec-tez Zəngəzur dəhlizindən avtomobil yolunun keçməsinə razılıq verəcək.

 

Ancaq İrəvan bu addımı nə qədər tez atsa, həm də özünü blokadadan bir o qədər tez xilas etmiş olacaq...

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR