Azərbaycan regionda və dünyada yeni gücə çevrilir - Qürur verən rəqəmlər

# 19:42
12 yanvar 2023

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. Jurnalistlərin suallarını cavablandıran ölkə başçısı sosial-iqtisadi vəziyyət, qarşıda duran hədəflər, Azərbaycanın qlobal enerji sahəsində vacib tərəfdaşa çevrilməsi, ölkənin beynəlxalq aləmdə siyasi və hərbi nüfuzunun vəziyyəti, Qarabağa böyük qayıdış, Azərbaycan və Ermənistan arasında sərhədlərin təyin edilməsi, sülh sazişi məsələsində  yeniliklər, Xankəndidəki ermənilərin gələcək taleyi və bir sıra digər önəmli məsələlər barədə açıqlamalar verib.

Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmasının vacibliyi barədə də çıxış edən prezident İlham Əliyev bildirib ki, deportasiyaya məruz qalmış soydaşlarımızın hüquqları bərap olunmalıdır.

“Qərbi Azərbaycanla bağlı verilən mesajlar bizim ümummili məsələmizdir”.

Bunu deputat Cavid Osmanov deyib. O əlavə edib ki, soydaşlarımızın öz ata-baba yurdlarına qayıtmaları onların beynəlxalq hüquqlarıdır. 

Deputatın fikrincə, prezidentin Qərbi azərbaycanlılarla bağlı mesajından konkret məlum olur ki, soydaşlarımızın öz ata-baba yurdlarına qayıtması üçün Azərbaycan dövləti əlindən gələni edəcək.

Prezident İlham Əliyev müsahibə zamanı onu da vurğulayıb ki, son illər Azərbaycanın həm iqtisadi, həm siyasi önəmi sürətlə artır. Avropanı qidalandıran qaz kəmərlərinə baxsaq görərik ki, onların sayı o qədər də çox deyil. Yəni, mövcud təchizatçılar, sadəcə olaraq, qaz hasilatını artırırlar, çünki Avropada böyük tələbat var. Yeni təchizatçılar arasında isə Azərbaycan təkdir.

Həm daxili, həm də beynəlxalq iqtisadi imkanların artması ilə bağlı deputat Aydın Hüseynov bildirib ki, hazırda Azərbaycanda ümumi daxili məhsulun həcmi 134 milyard manata çatıb, valyuta ehtiyatları 54 milyard dolları keçib, xarici borclar isə kəskin azalıb.

Bakı-Tbilisi-Qars dəmiryolunun və gələcəkdə açıqlacaq Zəngəzur dəhlizinin əhəmiyyətindən də danışan deputat qeyd edib ki, həyata keçiriləcək layihələr nəticəsində Azərbaycanın iqtisadi ağırlığı daha da artacaq. Aydın Hüseynov onu da vurğulayıb ki, əldə olunan nailiyyətlər ölkə büdcəsinin artması, eləcə də əhalinin sosial rifahının yaxşılaşdırılması üçün mühüm nəticələrdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR