Azərbaycan, Türkiyə və İran bir araya gəlir?

# 15:03
22 sentyabr 2021

"İranın və Türkiyənin araşdırma mərkəzləri bizim dəvətimizlə Azərbaycana gəlib. Üçlü formatda müzakirələr aparılacaq”.

 

APA TV-nin xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. O bildirib ki, üçlü formatda olan müzakirələr bundan öncə planlaşdırılmışdı.

 

BMTM sədri deyib ki, məqsəd İkinci Qarabağ müharibəsindən sonra yaranmış geosiyasi vəziyyəti, regiondakı yeni şəraiti müzakirə etməkdir: “Aydındır ki, Cənubi Qafqazda və onun ətrafında olan ölkələr arasında müəyyən problemlər var. Azərbaycanla Ermənistan arasında problemlər də hələ həll olunmayıb. Gündəlikdə sülh sazişi var. Təəssüflər olsun ki, Ermənistan bu məsələyə qeyri-konstruktiv yanaşır. Türkiyə və Azərbaycan rəhbərləri tərəfindən “3+3” formatı təklif olunur. Çox güman ki, yaxın vaxtlarda bu formatın yaranması çox çətin məsələdir. Düşüncə mərkəzləri səviyyəsində çalışırıq ki, müxtəlif “üçlü”, “dördlü” platformalarda müxtəlif məsələləri müzakirə edək. Hazırda İran-Türkiyə-Azərbaycan formatını ərsəyə gətirməyə çalışırıq. Gələn həftə Moskvaya səfərə gedəcəm. Orada İran, Rusiya, Azərbaycan formatında danışıqlara çalışacağıq”.

 

Fərid Şəfiyev əlavə edib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, regionda yeni reallıq yaranıb. O, müharibədən sonra müxtəlif formatda əməkdaşlıq platformalarının yaradılması üçün şərait yarandığını qeyd edib:  “Hələ də Azərbaycan və Ermənistan arasında problemlər mövcuddur. Eyni zamanda digər problemlər var. Ermənistan post-münaqişə dövründə bizim təkliflərimizə hələ ki, müsbət cavab vermir. Ola bilsin ki, regionda 6 ölkənin bir araya gəlməsi uzaq gələcəkdə mümkün olacaq. Bu gün Türkiyə, İran və Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək. Bu gün regionda və region ətrafında hadisələrə müxtəlif baxışlar var. Hər üç ölkə ərazi bütövlüyünü üstün tutur. Digər məsələ regiona qonşu olan ölkələrlə, regiondakı ölkələrlə məsələlərə özümüz hakim olmalıyıq. Eyni zamanda region ölkələri özləri öz problemlərini həll etməlidir”.

 

Qarabağda erməni məsələsinin və “Taliban”nın aktual olduğunu deyən Türkiyənin İran Araşdırmaları Mərkəzinin direktoru Haqqı Uyğur bildirib ki, Türkiyə “Taliban”a təsir etmək, əlaqə yaratmaq istəsə də, hələ buna nail olunmayıb: “Üç ölkə birlikdə Qərb qüvvələrinin oxşar təzyiqləri ilə üzləşib. Bəzi Qərb ölkələri terrorçulara dəstək göstərir, onlar İrana qarşı qatı sanksiyalar tətbiq edir. Əməkdaşlıqdan danışırıqsa, biz bütün problemləri müzakirə etməliyik. Bu problemlər 30 ildir yığılıb qalıb. Türkiyə Prezidenti Azərbaycanın qələbəsindən sonra qeyd etmişdi ki, regionda 6 ölkə bir araya gəlməlidir. Bu qələbə 6 ölkənin bir araya gəlməsi üçün fürsətdir. Bu ölkələr bir araya gəlsə, biz bir çox problemləri həll etmiş olacağıq”.

 

İranın Xarici İşlər Nazirinin müavini, Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Kazım Səccadpur isə bildirib ki, çox yaxşı ikitərəfli münasibətlər var, lakin üçtərəfli format üzərində də işləmək lazımdır: “Ona görə də bu görüşün hamımız üçün böyük önəmi var. İnanırıq ki, beyin mərkəzləri hər hansı ikitərəfli münasibətlərdə rol oynayır, bu, münasibətlərin bir parçasıdır. Bizim Azərbaycanla ikitərəfli münasibətlərimiz yaxşıdır, eyni zamanda bu, Türkiyə ilə də belədir. Ümid edirəm ki, biz görüşlərdə daha effektiv regional əməkdaşlığı müzakirə edəcəyik. Biz bu gün öz təhlillərimizi paylaşmaq istəyirik. Burada digər məqsəd əlaqələrin yaradılması və körpü rolunu oynamaqdır. Sonuncu isə əməkdaşlıqdır”.

 

Qeyd edək ki, sabah Türkiyə və İran Araşdırmalar mərkəzlərinin nümayəndə heyətlərinin Ağdama səfəri planlaşdırılır.

 

İlahə Vəliyeva,

Musa Qulammirzəyev,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR