Azərbaycana 65 ambulans, 4 robot gətirildi
Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.
İşğaldan azad edilmiş ərazilərdə yanğından mühafizə üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən 100 yanğınsöndürən və 50 xüsusi təyinatlı yanğınsöndürən avtomobil alınıb. 50 xüsusi təyinatlı yanğınsöndürən avtomobillərdən 9-u artıq idxal olunub, 41-nin idxalı isə 2023-cü ilin birinci rübündə nəzərdə tutulur. Bu avtomobillərdən xüsusilə yanğın yerinə şəxsi heyətin, yanğın texniki və xilasedici avadanlıqların, suyun və köpükəmələgətirən maddələrin daşınması, yanğın yerinin fasiləsiz olaraq odsöndürücü maddələrlə təmin edilməsi, çoxmərtəbəli binalardan insanların təxliyəsi və əşyaların çıxarılması, xilasedici və yanğınsöndürənlərin yuxarı mərtəbələrə qaldırılması, lafet lüləsi vasitəsilə yüksəklikdə yanğınların söndürülməsi, yanğın yerinin işıqlandırılması, eyni zamanda, digər köməkçi işlərin görülməsi üçün istifadə olunacaq. Gördüyünüz bu 200 markalu, dizel mühərrikli məsafədən idarə edilən minatəmizleyən robotlar isə işğaldan azad edilmiş rayonlarda piyada və tank əleyhinə minalardan ərazilərin təmizlənməsi üçün istifadə olunacaq.
Ambulanslar isə tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, əlçatanlığının və operativliyinin təmin olunması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə gətirilib. Yeni gətirilən avtomobillər müasir tibbi avadanlıqlarla təchiz edilib.
Ümumilikdə 65 ədəd təcili tibbi yardım maşını paytaxtda fəaliyyət göstərən təcili tibbi yardım stansiyalarına veriləcək. Onlardan 20-si reanimasiya tiplidir. Biri isə vaxtından əvvəl dünyaya gələn uşaqlar üçün ana bətnini əvəz edən küveyzlə əhatələnib. 44-ü isə ilkin tibbi yardım üçün nəzərdə tutulanlardır.
Qeyd edək ki, yeni alınmış təcili tibbi yardım avtomobillərinin bölgüsü aparıldıqdan sonra ümumilikdə ölkə üzrə istifadədə olan təcili tibbi yardım avtomobillərinin sayı 974 olacaq.
Bundan başqa, həm paytaxtda, həm də digər şəhər və rayonlarda fəaliyyət göstərən tibb müəssislərinin, təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin ümumilikdə 1487 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edilməsi nəzərdə tutulub və indiyədək tibb müəssisələri 909 tibbi yardım avtomobili ilə təmin edilib.