Azərbaycanda 2370 metr yüksəklikdə olan xəzinə

# 16:20
16 avqust 2022

Yolumuz Qusarın Yerği Kek kəndinədir. APA TV xəbər verir ki, Şahdağın ətəyində yerləşən bu kənd dəniz səviyyəsindən 2370 metr yüksəklikdə yerləşir. Yerği Kek kəndinə Qusarın rayon mərkəzindən iki istiqamətdə yol var. Bu yollardan biri Sudur kəndindən, digəri isə Ləzə kəndindən keçir. Qusarın mərkəzindən Sudura kimi 65, Ləzə kəndinə isə 38 kilometr məsafə var. Amma bu kəndlərin hər birindən Yerği Kekə getmək üçün çox çətin keçilən 9-10 kilomerlik dağ yollarını aşmaq lazımdır. Ləzədən bu kəndə məsafə daha yaxın olsa da yolların keçilməz olması səbəbi ilə sürücülər bura gedib-qayıtmaq üçün 100 manat pul alır. Kəndin əhalisi ləzgilərdən ibarətdir. 11 evdən ibarət olan kənddə cəmi 7-də yaşayış var. Hazırda Yerğki Kekdə 40-a yaxın sakin yaşayır. Sakinlər heyvandarlıq və tərəvəzçiliklə məşğuldur. Hər bir həyətdə iribuynuzlu heyvan və qoyun-quzu saxlanılır, təsərrüfatlarda kartof becərilir. Kənddə gecələmək üçün qonaq evi və ya hostel yoxdur. Amma bəzi sakinlər cəmi 40 manat müqabilində evinin bir otağını turistlərə sutkalıq kirayə verir. Kənd sakini Rahim Şahverdiyev bildirir ki, rayon mərkəzindən ucqarda yerləşən Yerği Kekdə qış çox sərt keçir. Qışda kəndə 40-50 santimetr qar yağır, temperatur isə mənfi 20 dərəcəyədən aşağı düşür. Bir çox hallarda rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilir. Buna görə də kənddə cəmi 4-5 evdə daimi yaşayan var. Bir neçə ailə isə yay aylarında kəndə gəlib təsərrüfatla məşğul olur, hava soyuyanda isə yenidən rayon mərkəzinə yaxın kəndlərə qayıdırlar. Qışda yanacaq kimi daha çox qurudulmuş mal təzəyindən istifadə olunur. Yerği Kek kəndinin adı ləzgi dilindən tərcümədə “uzun taxta” mənasını verir. Hər tərəf qayalıqlarla əhatə olunsa da kəndin yerləşdiyi ərazi dəmyə tərəvəzçiliyə imkan verən nisbətən düzən yaylalarla əhatə olunub. Qusar Rayon İcra Hakimiyyəti başçısının Sudur inzibati ərazi dairəsi üzrə nümayəndəsi İkram Əsədov bildirir ki, Yerği Kek kəndində 12 təsərrüfat və 88 nəfər sakin qeydiyyatdadır. Kəndin ərazisi 469 hektardır. Bunun 434 hektarı əkinə yararlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR