Azərbaycanda ağlaşma səsi gələn məktəblər: 2900 rəqəmi nədən xəbər verir? 

# 15:50
13 dekabr 2021

Son vaxtlar orta məktəblərdə şiddət hallarının artması, şagirdlərin intihar cəhdləri ənənəvi problemi yenidən gündəmə gətirir. Mütəxəssislər də təsdiqləyir ki, təhsil ocaqlarında psixoloq işi ya düzgün qurulmayıb, ya da yerli-dibli yoxdur. Dərs yükünün artması, ağırlaşan tədris prosesi də bu ştatın daha aktiv hala gətirilməsini şərtləndirir.

Ancaq əvəzində nə görürük? Hazırda ölkənin 4432 orta ümum təhsil müəssisəsində cəmi 2900 psixoloq ştatı var. Yəni ölkə üzrə məktəblərin az qala yarısında psixoloq yoxdur. Olanların əksərində isə bu ştat bir növ formal xarakter daşıyır. Psixoloq kimi çalışanlar ya kiminsə dayısı, xalası qızıdır, ya da bu vəzifəyə necə təyin olunduqlarından özlərinin belə xəbəri yoxdur. Məhz bu cür dırnaqarası yanaşmaya görə problem günü gündən kəskinləşir, əziyyətini isə bütün xalq çəkir.

 

Psixoloq Vüsalə Əmiraslanovanın fikrincə, əslində bir məktəbdə bir neçə psixoloqun olması şərtdir: “Valideynlər rahat olur ki, biz bu psixoloqlardan ödənişsiz xidmət kimi istifadə edəcəyik. Ən azından övladlarının problemini bilirlər, psixikalarındakı dəyişiklikləri aşkar edirlər. Dost Agentliyinin də belə bir təklifi olub. Hazırda  məktəblinin dostu layihəsi var. Bu layihədə də dəstəklər var, amma nədənsə məktəblinin dostu özünü tam psixoloq kimi hiss edə bilmir ”.

 

Psixoloq tövsiyə edir ki, məktəbdə psixoloji xidmətlər üçün xüsusi saatlar təşkil olunmalıdır. Eyni zamanda psixoloqun valideynlərlə ünsiyyətə girməsi də vacibdir: “Hansı psixoloq ki, sinfə girib özü uşaqlarla maraqlanır, özü haqqında məlumat verir sinfə daxil olanda. Anket sorğular aparır, həmin psixoloq uşaqları da tanıyır. Ən azından, uşaqlar, mən varam kimin ürəyi istəsə gəlib mənim  qapımı döysün. Müəllimlər çox vaxt burda narahat olurlar ki, uşaq dərsdən icazə alıb gedər və dərsə mane olar ”.

 

Bakı şəhər Baş Polis İdarəsinin ictimai təhlükəsizlik idarəsinin baş inspektoru Kəmalə Ələkbərova isə bildirir ki, təhsil müəssisələrində mütəmadi olaraq  profilaktik tədbirlər həyata keçirilir: “Mütəmadi olaraq məktəblərdə məktəb direktorları ilə razılaşdırılmaqla valideynlərin də iştirakı ilə həyata keçirilir. Çünki bəzi bəzi tədbirlərdə valideynlərin sualları övladlarının suallarından daha çox olur. Tədbirlərimizə özəl olaraq psixoloqlar da dəvət olunur. Çünki bu gün hər travma almış şagirdlə psixoloji söhbətlərin aparılması zəruridir ”.

 

Mövcud problemlə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Amma digər hazırladığımız mövzularda olduğu kimi bu dəfə də sağolmuşlar suallarımızı ürəyimizdə qoydular. Yolladığımız sorğuya isə 3-4 gün keçməsinə baxmayaraq, 3-4-cə cümləlik cavab belə yollamadılar. Sanki problemin bunlara qətiyyən aidiyyatı yoxdur, suallarımıza isə Meliorasiya və Su Təsərrüfatı İdarəsi cavab verməliymiş.

 

Sağolmuşlardan fərqli olaraq, təhsil üzrə ekspert Kamran Əsədovun deməyə çox sözü varmış. Ekspert orta ümumi təhsil müəssisələrindəki mövcud problemin səbəbini psixoloq ştatı vahidində çalışanların müəyyən bir qismini mütəxəssis olmamasında görür: “Etiraf edək ki, bu gün bütün şagirdlərin psixoloji dəstəyə ehtiyacı var. Çox təəssüf ki, bu gün orta ümum təhsil müəssisələrində psixoloqların göstərdiyi xidmət yetərli deyil. Bu gün psixoloqların işləməsi üçün ayrıca otaq yoxdur. Eyni zamandan psixoloqun şagirdlə individual işləməsi üçün saat müəyyənləşməyib.”.

 

Kamran Əsədov mövcud problemin əsas səbəbini məktəblərdə psixoloq sayının az olması ilə əlaqələndirir. Belə ki, 100 şagird olan  məktəbdə də bir psixoloq ştatı var,  4500 şagird olan məktəbdə də. Belə olduğu halda şagirdlərin psixoloqa olan ehtiyacı ödənilməmiş olur ki, bu da aşağı siniflərdən tutmuş, yuxarı siniflərə qədər uşaqlar arasında intiharların artmasına səbəb olur. Bu gün dünya təcrübəsinə nəzər salsaq, məktəblərdə psixoloqlar cins, hətta yaş kateqoriyasına görə dəyişir.

Dünya təcrübəsi... Bəli... İnanırıq ki, hər nədirsə, bir gün bu dünya təcrübəsi deyilən zat bizim də qapımızı döyəcək. Övladlarımızın psixoloji durumu nəzarətdə olacaq, şiddətə meyl etməyəcəklər, həyatlarına son qoymağa çalışmayacaqlar.

 

 

Nərmin Murad

Kamran Namazov

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR