Azərbaycanda bu kənddə qətiyyən spirtli içki satılmır
Astara rayonunun Təngərüd kəndində marketlərdə spirtli içki satılmır.
Sakinlərin APA TV – nin yerli bürosuna verdiyi xəbərə görə, kənddə spirtli içki içənlərin sayı çox olsa da, artıq 30 ilə yaxındır ki, market sahibləri və din adamları burada spirtli içki satılmamasına xüsusi diqqət yetirirlər.
Deyilənlərə görə, bir zamanlar Təngərüddə məscid belə olmayıb. Kənd ağsaqqalı Feyzulla Allahverdiyev 1990 – ci illərdə kəndin ilk məscidini tikdirib və ərazidəki mağazaları bir-bir gəzərək spirtli içki satmamalarını xahiş edib. Həmin vaxtdan indiyə kimi nə marketlərdə, nə də toylarda da spirtli olmur.
Feyzulla kişi dünyasını dəyişəndən sonra yenidən, kənddə spirtli içkiləri satmağa cəhd göstərənlər olub. Bunun üçün ayrıca marketlər də açıblar. Lakin din xadimləri onlarla təbliğat işləri aparıb, içkini yenidən yığışdırıblar.
5000 nəfər əhalisi olan Təngərüddə yas mərasimləri illərdir ki, 7 gündən 3 günə salınıb, cümə axşamlarını ləğv edilib, xurafatlar aradan qaldırılıb və mollaların ölü sahiblərindən pul almaq məsələsi yığışdırılıb və bu günə kimi bu ənənə davam edir.
İlkin Rzayev,
Rövşən Almazoğlu,
APA TV, Astara