Azərbaycanda ən çox milyonçunun yetişdiyi qəsəbə - “Qafqazın Yerusəlimi”

# 18:47
7 oktyabr 2022

Qırmızı qəsəbə dünyada İsraildən sonra yəhudilərin yığcam yaşadığı nadir məkandır. “Qafqazın Yerusəlimi” adlandırılan qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar. Burada yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbə Qudyalçayın sol sahilində yerləşir. Uzun illərdir buradakı yəhudilər azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi XVIII əsrin ortalarına təsadüf edir. Fətəli xanın hakimiyyəti dövründə bütün ətraf ərazilərdə yaşayan yəhudilər bura köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan artıq sinaqoq inşa olunub. Qırmızı qəsəbədəki İsak Xanukov adına 1 saylı məktəbdə azərbaycanlı, yəhudi uşaqlar və Qubada yaşayan digər azsaylı xalqların nümayəndələrinin övladları birlikdə elmin sirlərini öyrənirlər. Elm ocağında məktəblilərlə yanaşı, pedaqoqlar arasında da xeyli sayda dağ yəhudiləri var. Dağ yəhudiləri Quba rayonunun, eləcə də respublikamızın sosial-ictimai həyatında fəal iştirak edirlər. Rusiyada və dünyanın müxtəlif dövlətlərində cəmləşən dağ yəhudiləri arasında bu gün adı "Forbes" jurnalının milyarderlər siyahısında keçən iş adamları var. Dağ yəhudisi olan Albert Aqarunov isə torpaqlarımızın azadlığı uğrunda canından keçib və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 44 günlük Vətən Müharibəsi zamanı da bu qəsəbədən olan gənclər torpaqlarımızın azadlığı uğurunda vuruşublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR