Azərbaycanda neçə insan alveri qurbanı var? - DİN AÇIQLADI

# 17:42
4 oktyabr 2022

Ötən 17 il müddətində 2098 insan alveri və məcburi əmək cinayəti qeydə alınıb.

Bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Həzi Aslanov İnsan Alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı təşkil olunan dəyirmi masada deyib. O bildirib ki, 617 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Ancaq bütün bunlarla yanaşı, insan alveri ilə mübarizədə görülməli işlər də çoxdur.

 

Həmçinin qeyd etdi ki, 2020-2021-ci illərdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 311 insan alveri, 8 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 83 cinayət qeydə alınıb. İnsan alveri və məcburi əmək cinayətlərinə görə başlanılmış cinayət işləri üzrə 31-i qadın olmaqla, 35 şəxs təqsirləndirilən qismində cəlb edilib. Məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 28 nəfərdən 24-ü azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, 2 nəfər şərti məhkum edilib, 2 nəfərin cəzası təxirə salınıb.

 

İnsan alveri üzrə İşçi qrupun statusu barədə təkliflərin hökumətə təqdim edildiyini deyən Həzi Aslanov diqqətə çatdırıb ki, bu qrupunun tərkibində aidiyyəti dövlət qurumlarının nümayəndələri təmsil olunur. Əvvəlki illərdə məhkəmələr tərəfindən insan alveri cinayətləri ilə bağlı azadlıqdan məhrum etmə cəzaları 20-30 faiz tətbiq edilirdisə, artıq bu rəqəm 85-90 faizə qalxıb. Məhkəmələr tərəfindən həmin şəxslərə 7-8 il azadlıqdan məhrumetmə cəzaları verilir.

 

Bundan başqa qeyd edildi ki, Azərbaycanın bölgə və ucqar rayonlarda insan alveri qurbanları üçün sığınacaqların yaradılması ilə bağlı aidiyyəti qurumlara təkliflər verilib.

 

Daha sonra çıxış edən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə missiyasının direktoru Maykl Nirbas insan alverinə qarşı mübarizədə əldə etdiyi nailiyyətlərə görə Azərbaycanı təbrik edib: “İnsan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün 4-cü Milli Fəaliyyət Planı”nın icrası bu problemlə mübarizədə Azərbaycanın töhfəsini verir və qətiyyətini göstərir. Bu problemlə mübarizədə özəl şirkətlər də mühüm rol oynayır. Onlar Azərbaycan hökuməti və USAİD ilə əməkdaşlıq edirlər. ABŞ insan alverinin beynəlxalq və qlobal problem olduğunu hesab edir, buna görə də USAID bu məsələdə digər ölkələrlə əməkdaşlıq etməyə və onlara dəstək verməyə hazırdır”.

 

Bundan başqa tədbir çərçivəsində diqqətə  çatdırıldı ki, son iki ildə 2 uşaq insan alverinin qurbanı olub. Ümumiyyətlə, 2020-2021-ci illərdə müəyyən edilən 189 insan alveri qurbanından 184-ü qadın, 5-i kişi, o cümlədən 2-i uşaqdır. Həmin dövr ərzində insan alveri qurbanlarından 1-i əcnəbi, yəni Rusiya vətəndaşı, 188-i isə Azərbaycan vətəndaşı olub. Qurbanların hər birinə 700 manat məbləğində birdəfəlik müavinət ödənilib, tibbi, psixoloji, hüquqi yardımlar göstərilib və sosial xidmətlərlə əhatə olunması məqsədilə aidiyyəti üzrə yönləndirilib.

 

 

AYTƏN SAKİTQIZI

FARİZ QULUYEV

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR