Azərbaycanda ödənişli yollar salınır – Qiymətlər necə olacaq?

# 12:42
9 sentyabr 2023

Pullu yolların salınması təcrübəsi dünyanın müxtəlif ölkələrində tətbiq olunur. Bu sürücülərin işini rahatlaşdırmaqla yanaşı, həm də yol təsərrüfatından gəlir əldə etmə imkanı yaradır. Avtomobillər belə yollarda maneə olmadığından daha sürətli hərəkət edib, mənzil başına daha tez çata bilirlər. Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, pullu yollara nəzarət mexanizmi daha ciddi olmalıdır. Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda salınan ödənişli yollara alternativ yollar yararsız vəziyyətdədir. Bir neçə il əvvəl Xəzər dənizi üzərində Bayıl və Zığ arasında körpünün tikintisi layihəsi irəli sürülmüşdü. Lakin uzun illər keçməsinə baxmayaraq, bu layihənin icra olunmadığını, layihə kimi qaldığını görürük. Elməddin Muradlı xüsusi texniki imkanlar vasitəsilə bu layihənin də həyata keçirilib, pullu yol kimi istifadəyə verilməsini mümkün hesab edir. Dünya ölkələrində çoxdan mövcud olan pullu yol təcrübəsi ölkəmizdə yeni tətbiq olunmaşağa başlayır. Hazırda Rusiya ilə sərhəd istiqamətində yeni inşa edilən 150 km-lik yolun 129 km-lik hissəsinin ödənişli olması nəzərdə tutulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirir ki, bu yol tam olaraq beynəlxalq standartlara uyğun inşa olunur. Yolda ödəniş də beynəxalq təcrübəyə əsasən və yerli şərait nəzərə alınaraq tətbiq olunacaq. Anar Nəcəfli qeyd edir ki, ödənişsiz yol sürət, o cümlədən yaşayış məntəqələrindən keçmə və uzunluq baxımından yeni salınan ödənişli yoldan fərqlənir. Quba istiqamətində salınan yeni ödənişli yol daha qısa, sürət həddi daha yüksək olacaq. Seçim isə sürücülərin özlərinə qalır. Kim istəsə köhnə yolla, kim istəsə yeni ödənişli yolla gedə bilər. ORXAN ASLAN HƏZRƏT BAYRAMLI APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR