Azərbaycanda son yarım əsrin ən böyük dəmiryolu körpüsü istifadəyə verildi

# 15:16
26 oktyabr 2022

“Paytaxt Bakı ilə  Zəngəzur dəhlizini və Naxçıvanı birləşdirəcək Kür çayı üzərində inşa edilən yeni dəmir yolu körpüsünün tikintisi  başa çatıb. Artıq körpüdə qatarların hərəkətinə icazə verilib. Daha bir analoji körpü isə fiziki ömrünü başa vuran gördüyünüz bu körpünün yerində tikiləcək.”   

 

Azərbaycan miqyasında meqalayihə olan Kür çayı üzərində Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttini birləşdirən körpünün tikintisi başa çatıb.

 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, körpü Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində tikilib. 

 

İşğaldan azad olunan Qarabağ və sərhədyanı rayonların iqtisadiyyatının inkişafına böyük töhfə olan nəqliyyat və yol infrastrukturunun bir hissəsi kimi körpün tikintisi beynəlxalq standartlara cavab verən səviyyədə həyata keçirilib. 

 

Yeni körpü bu ilin oktyabr ayında istifadəyə verilib. Körpünün uzunluğu 270,58 metr, eni 5,7 metrdir. 4 aşırımlı körpünün orta aşırımlarının uzunluğu 111,4 metr, kənar aşırımların uzunluğu isə 18,7 metrdir.

 

Paralel olaraq körpüyə birləşəcək yeni dəmir yolu xəttinin çəkilməsi istiqamətində də tikinti işləri görülür. 100 il əvvəl inşa edilən və qəzalı vəziyyətə düşən mövcud  körpünün sökülməsinə start verilib.

 

Hazırda sözügedən körpüdə yenidənqurma işləri aparılır. Artıq mövcud körpünün 50%-i sökülüb.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova qeyd edib ki, Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttinin gələcəkdə iki xətli olması planlaşdırılır:

 

“Bu layihə çərçivəsində Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttinin Ələt-Osmanlı mənzilində yəni Kür çayının Şirvan şəhərindən keçən hissəsində 2 körpünün tikintisinə ehtiyac yaranmışdır. Bu körpülərdən birinin ötən ilin iyun ayında tikintisinə start verilib və oktyabr ayından  istifadəyə verilmişdir. Digər körpüdə isə yenidənqurma işlərinə ehtiyac yaranmışdır. Hazırda körpüdə yenidənqurma işləri aparılır. Onu da xüsusi qeyd edək ki, 1925-ci ildə inşa edilən əvvəlki körpü öz dövrünün zamanının tələblərinə uyğun olaraq daha az yükgötürmə qabiliyyətinə uyğun hazırlansa da, indi hal-hazırda müasir körpü yükgötürmə qabiliyyətinə görə və eyni zamanda qatarların sürət həddinə uyğun hazırlanıb.”

 

Körpüdən keçən dəmir yolu xəttində həm böyük həcmli yükdaşımalar və həm də sərnişindaşıma həyata keçiriləcək ki, bu həm də Beynəlxalq iqtisadi əlaqələrin intensivləşməsinə xidmət edəcək.

 

Əlibəy Zeynallı

Elçin Həsənov

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR