Azərbaycandan Ukraynaya uçan təyyarədə görün nələr var

# 17:46
21 aprel 2022

Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına üçüncü dəfə humanitar yardım göndərilib.

 

Dərman vasitələri, tibbi sərfiyyat malları və ərzaq məhsulları ilə dolu təyyarə saat 14:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Varşavaya yola düşüb.

 

Ümumi çəkisi 170 tondan artıq olan humanitar yardıma 3.37 milyon manat məbləğində dərman vasitələri və tibbi sərfiyyat malları, eləcə də 1 milyon manat məbləğində ərzaq məhsulları daxildir. Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiyin sözlərinə görə, Ukrayna üçün çox çətin bir zamanda həyata keçirilən humanitar yardım Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunun parlaq nümunəsidir: “Bu gün Azərbaycandan Ukraynaya böyük humanitar yardımın artıq üçüncü mərhələsi həyata keçirilir. Bu, ehtiyac duyduğumuz bir yardımdır və xalqlarımız arasında böyük dostluğun daha bir sübutudur. Fürsətdən istifadə edərək, göstərilən yardıma görə Ukrayna dövləti və xalqı adından Azərbaycan rəhbərliyinə, ilk növbədə Prezident İlham Əliyevə səmimi minnətdarlığımı çatdırmaq istəyirəm”.

 

Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə Azərbaycan tərəfindən cari ilin 27 fevral və 12 mart tarixlərində Ukraynaya, eləcə də 15 aprel tarixində ukraynalı qaçqınlar üçün Moldovaya ümumi məbləği 23.2 milyon manatdan artıq olan humanitar yardım göndərilib.

 

Xatırladaq ki, Azərbaycanın Ukraynadakı böhranla bağlı göstərdiyi humanitar yardımın ümumi məbləği 27.6 milyon manat, çəkisi isə 720 ton təşkil edir.

 

AYTƏN SAKİTQIZI

XƏYAL İSKƏNDƏROV

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR