Azərbaycanın Avropa Şurası ilə birlikdə hazırladığı yeni plan

# 15:17
5 aprel 2022

Avropa Şurasının Azərbaycan üzrə yeni Fəaliyyət Planı təqdim olunub.

APA TV xəbər verir ki, bununla bağlı keçirilən təqdimatda Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç çıxış edib.

O deyib ki, bu plan Azərbaycanla birlikdə hazırlanıb, monitorinq qruplarının hesabatlarına əsaslanıb. Planın əsas məqsədi Azərbaycan xalqının demokratik cəmiyyətdə yaşaması, demokratik təsisatların inkişafını sürətləndirməkdir. Bu, təqdim olunan üçüncü fəaliyyət planıdır.

Bildirilib ki, planların icrası ilə bağlı 1000 azərbaycanlı hüquqşünas Avropa hüquqlarının mənimsənilməsi və öyrənilməsində təcrübəsini artırıb, təlimlərdə iştirak edib. Bundan başqa, Azərbaycan Lanzarota Konvensiyasını ratifikasiya edib. Vətəndaş cəmiyyətinin rolu artırılıb, qanunun aliliyi sahəsində böyük irəliləyiş əldə olunub. Ədliyyə Akademiyasında hakim və məhkəmə işçiləri üçün təlimlər təşkil olunub. 500 jurnalist və vətəndaş cəmiyyətinin nümayəndəsi gender bərabərliyi sahəsində təlimlərdə iştirak edib. Bir sözlə, müsbət nailiyyətlər var. Lakin müəyyən sahələrdə hələ də problemlər var ki, bura ifadə azadlığı, seçki, ədalətli mühakimə sahələri daxildir. Yeni fəaliyyət planı yeni sahələri də əhatə edəcək, bura, süni zəka, ekologiya və iqlim dəyişikliyi, insan alveri, narkotik vasitələrdən sui-istifadə və onların satışı ilə mübarizə sahələri daxildir.

AŞ Baş katibi regional layihələrin əhəmiyyətinə də toxunaraq deyib ki, Azərbaycan bu layihələrdə uğurla iştirak edir. Aİ bu layihələrin icrasında ən böyük donordur.

Ədliyyə naziri Fikrət Məmmədov Məhkəmə infrastrukturunun müasirləşdirilməsi və hi-tech məhkəmələrin yaradılmasının daim diqqət mərkəzində saxlanıldığına diqqət çəkib.

Nazir qeyd edib ki, Dünya Bankının iştirakı ilə paytaxtda və bölgələrdə 35, o cümlədən təkcə ötən ildə 11 məhkəmə üçün yeni, müasir bina və komplekslər istifadəyə verilib, onlar “Elektron məhkəmə” sistemi ilə təchiz olunublar.

Fikrət Məmmədov Azərbaycanda tətbiq edilən elektron məhkəmə sisteminin məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsində və şəffaflığın artırılmasında mühüm rol oynadığını vurğulayıb: “Bu sahədə islahatlarımız beynəlxalq maraq doğuraraq təqdir edilib, Dünya Bankının müxtəlif nominasiyalarına, Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” mükafatına layiq bilinib. Penitensiar sistemin islahatı da başqa bir xüsusi əhəmiyyət daşıyan istiqamətdir. Hər bir cəmiyyətdə məhkumlarla davranışa münasibət ölkənin mədəni-sivil səviyyəsinin göstəricisidir. Təsadüfi deyil ki, dövlətimiz bu sahəyə böyük önəm verir. Bu günlərdə cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün yeni müəssisələr istifadəyə verilib. Məhkumların hüquqlarının təminatına daim xüsusi önəm verən Prezident İlham Əliyev həmin müəssisələrə şəxsən baş çəkərək yaradılan şəraitlə tanış olub. Biz bu müəssisələrdə geniş ictimai təqdimat və mediatur keçirmək niyyətindəyik. Buna cəmiyyətdəki marağı nəzərə alaraq, arzusu olanları bu tədbirdə iştirak etməyə dəvət edirik”.

Ədliyyə naziri qeyd edib ki, ölkəmiz humanizm ideyalarına daim sadiqlik nümayiş etdirir. Ötən dövrdə Azərbaycan Prezidenti tərəfindən 6 minə yaxın şəxs əfv olunub. Torpaqlarımızın Vətən müharibəsi nəticəsində işğaldan azad olunmasının ildönümü, 8 noyabr - Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya aktı 17 mindən çox şəxsə tətbiq edilməklə əhatəliliyinə görə ən genişi olub.

Nazir yeni Fəaliyyət Planının da birgə səylərimiz nəticəsində uğurla həyata keçirilərək demokratiyanın daha da inkişafına, insan hüquqlarının daha etibarlı təminatına, qanunun aliliyinə xidmət edəcəyinə əminliyini bildirib.

"Əminik ki, yeni Fəaliyyət Planı Avropa Şurası-Azərbaycan arasında əməkdaşlığa təkan verəcək. Avropa Şurası Baş katibinin Azərbaycan səfəri, bu təqdimatda iştirakı da AŞ-nin Azərbaycanla əlaqələrinə önəm verdiyi göstərir”.

Bu fikirləri isə Prezident Administrasiyasının xarici siyasət məslələri şöbəsinin beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Həbib Mikayıllı bildirib. Onun sözlərinə görə, insan haqları ilə bağlı problemlər hər ölkədə var və bu sahədə Azərbaycan önləyici addımlar atır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR