Azərbaycanın ən dəhşətli həbsxanası - Divarlarda “üzlər” görünür

# 14:52
31 may 2022

Yenə Şuşadayam. Hər gəlişimdə arzusunda olmuşam ki, vaxtıliə atamın çalışdığı Şuşa türməsinə baş çəkim. İndi burdayam, uşaq vaxtı bəzən atamla birgə baş çəkdiyimiz məkanda. Məşhur Şuşa türməsi.

Bu divarlar arasında çox sirr yatır. Nələri, kimləri görməyib bu divarlar?

 

Şuşa türməsi Çar Rusiyası dövründə  - XIX əsrin ortalarında Xan qızı Natəvanın vəsaiti hesabına inşa edilib. Bəzi məlumatlara görə, buna qədər şuşalı məhkumlar Gəncə şəhərində yerləşən həbsxanada saxlanılırdı. Qohumları, yaxınları onlara baş çəkmək üçün uzun yol qət edərək, Gəncəyə getməli olurdular. Bunu nəzərə alan Xan qızı şuşalıları, eləcə də ətraf ərazilərdə yaşayan insanları bu əziyyətdən qurtarmaq üçün Şuşada həbsxananın inşası üçün vəsait ayırır.

 

 Həbsxana inşa edilərkən qala divarlarının bir hissəsi və müdafiə qüllələri həbsxana divarları kimi istifadə edilib. Bu zaman Şuşa qalasının Ağoğlan qapısı həbsxanaya giriş kimi dəyişdirilərək yenidən formalaşdırılıb. Şuşa türməsi həm də tarixi abidə, arxitektura nümunəsidir. Buna görə də bura tikinti-arxitektura baxımından öyrənilməli, qorunmalıdır.

 

 

Şuşa həbsxanası Rusiya İmperiyası və SSRİ hakimiyyəti dövründə ən dəhşətli türmələrdən hesab olunub. Ən təhlükəli, ət qatı cinayətkar hesab olunan şəxslər əsasən cəza çəkmək üçün bura göndərilib. Ümumilikdə, həbsxana 350 məhkum üçün nəzərdə tutulub. Rusiya İmperiyasının və SSRİ-nin ən müxtəlif guşələrindən cinayətkarlar cəzasını bu türmədə çəkib.

 

 

 1992-ci il mayın 8-də şəhər işğal edildikdən sonra da buradan həbsxana kimi istifadə olunub. Ermənilər Xocalıdan, Xocavənddən, Şuşadan, Laçından, Kəlbəcərdən, Ağdamdan, Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan olan mülkü azərbaycanlılara burada dəhşətli işgəncələr verib, onlarla qeyri-insani rəftar ediblər. Mülki şəxslərlə yanaşı, müharibədə əsir götürülən azərbaycanlı hərbçilər də bu həbsxanada erməni vəhşiliyi ilə üzləşiblər. 

 

SSRİ-də ən dəhşətli türmələrdən hesab olunan və iki əsrə yaxın yaşı olan Şuşa türməsi ermənilərin 28 ildə azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, onlara verdiyi işgəncələrin canlı şahididir. Kirli divarlar, yarıqaranlıq otaqlar, ağır dəmir qapılar burda saxlanan insanların necə dəhşətli günlər keçirməsi haqqında ilk baxışdan təəssüratlar oyadır.

 

Kameraların qapısını bir-bir açıb içəri girirəm. Sanki kameraların divarlarında Rusiya İmperiyasının, SSRİ-nin həbsxana nəzarətçilərinin, son dövrlər isə erməni işğalçılarının burada saxlanan insanlara verdiyi iztirabların rəsmi canlanır. Bu kameralarda sındırılan qol-qabırğaların, ayaqların, dişlərin, burunların, başların səsi, dırnaqları çəkilən insanların fəryadı gəlir adamın qulağına. İnsanı vahimə bürüyür. Nə dəhşətli yerdir bura?

 

 Və son… Torpaqlarımız işğaldan qurtarıldı, günahsız insanların qisası alındı. Qarabağın baş tacı olan Şuşa azad edildi. Şuşa ilə bərabər tarixin canlı şahidi Şuşa həbsxanası da həbsdən qurtarıldı. İndi Şuşa türməsi də azaddır!

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR