Azərbaycanın haqq savaşının carçıları – FULYA ÖZTÜRK APA TV-YƏ DANIŞDI

# 23:08
27 sentyabr 2021

44 günlük Vətən Müharibəsində onlar bizim səsimiz oldular. Hünərlə, vüqarla Azərbaycanın haqq savaşının səsini dünyaya çatdırdılar. Vətən savaşının qəhrəmanları sırasında türkiyəli jurnalistlər də var. Onlar da, azərbaycanlı jurnalistlər qədər mətin olub, ən qaynar nöqtələrdən Qarabağ müharibəsinin hər anını kameranın yaddaşına köçürüb, informasiya savaşında yanımızda olmağı bacardılar.

 

APA TV xəbər verir ki, bu gün zəfərə gedən yolun başlanğıcıdır, vətənin dar günündə yanımızda olmağa bacaran, Azərbaycan tamaşaçısının ekranlardan cəsurluğuna, şücaətinə görə sevdiyi Fulya Öztürklə görüşdük.

 

Bir il əvvələ döndük, yaşananlarının yaddaşlara həkk olan anını yenidən xatırladıq: “APA TV vasitəsi ilə bu gün can Azərbaycana salamlarımı çatdırıram. Mən Qarabağ savaşına öz istəyimlə qatıldım. O, zaman CNN Türk də redaktorun otağına getdim, ona dəfələrlə ikinci Qarabağ müharibəsinə getməyi, Azərbaycana gedib orda çalışmaq istədiyimi bildirdim. Əslində çox istəyirdim ki, onun da cavabı müsbət olsun. Çünki bu mənim üçün çox önəmli idi. Çünki Azərbaycanın yaşadığı acıları Ermənistan tərəfindən törədilmiş qətliamları, Xocalı faciəsi, Qarabağın işğal tarixi boyunca törədilmiş faciələrini yaxından bilən bir türk övladı olaraq mən orda olmaq istədim”.

 

Fülya Öztürk 44 gün boyunca bir an belə geri dönmək haqqında düşünmədiyini deyir: “Şükür geri dönmədim. Xoşbəxtəm ki, zəfəri də Azərbaycanlı qardaşlarımla birgə gördüm. Bundan sonra Türkiyəyə döndüm. Mən bundan əvvəl Azərbaycanda olmasam da, hər zaman qəlbim Azərbaycanla olub. Azərbaycan türklərinin Qarabağ həsrətini doğrudan da yaxından izləyən, Azərbaycana hədsiz marağı olan bir insanam. Türk qızı olaraq dünya coğrafiyasındakı başqa ölkələrə də marağım var. Amma Azərbaycan mənim üçün çox dərin bir yerdədir, hər zaman qəlbimdədir”.

 

“Ən təhlükəli nöqtələrdə xəbər verdik”, - deyən türkiyəli jurnalist onu da əlavə edib ki, Qarabağ savaşına qədər də çox riskli bölgələrdən xəbər hazırlayıb: “Dünyanın 60-dan çox nöqtəsində oldum, Türkiyənin ən qaynar nöqtələrindən xəbər hazırladım. Ömrümün son 10 ili çox çətin coğrafiyalarda keçdi. Suriyadan, Afrikaya, Banqladeşdən, Avropaya qədər bir çox yerlərdə oldum. Acılar müqayisə olunmaz, bunu bilirəm, amma Azərbaycanın ən ağrılı günlərinin şahidi oldum. Mən Azərbaycanda bir dövlətin digər dövlətin insanlarının başına necə qətliamlar gətirdiyinə şahidlik etdim. Yəni Ermənistanın, Azərbaycan türklərini, dinc insanları necə qətlə yetirdiyinə şahidlik etdim. Biz də hər an ölə bilərdik və dəfələrlə ölümdən döndük. Tərtərdə, Bərdədə, Gəncədə dinc insanlara insanlıq əleyhinə hücumlar edib, kasetli bombaları yağış kimi yağdırırdılar. Özü də bir dəfə yox, dəfələrlə. Dünya susdu, dünya susduqca biz daha çox haray etdik”.

 

Azərbaycanın haqq savaşında burda olmağından qürur duyan Türkiyəli həmkarımız bu tarixə şahidlik etdiyinə görə, xoşbəxtəm deyir. “Azərbaycanda məni fərqli sevirlər”, - deyir Fulya xanım və bu sevginin qarşılıqlı olduğunu da fikirlərinə əlavə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR