Azərbaycanın kibertəhlükəsizliyi dövlətin prioritet məsələsinə çevrilib

# 23:10
22 aprel 2022

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının yaradılması ilə bağlı təqdimat mərasimi keçirilib. Müxtəlif dövlət və hökumət nümayəndələri, nazirlər, deputatlar, eləcə də bir neçə kiber təhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlər təbdirdə iştirak ediblər. Açılışda dövlət himni səsləndirildi. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Girişi təşkilatın rəhbəri Rahid Ələkbərli açaraq Assosiasiyanın çətiri altında təşkilatlar, vətəndaşlar olaraq, həmçinin məşvərət şurası çərçivəsində əlaqədar qurumlar və şəxslər birləşəcəyini bildirib. O kiber təhlkükəsizliyin vacibliyini müasir dövrdə yaranmış müxtəlif kiber təhdidlər qarşısının alınmasında vacib amil olduğunu qeyd edib.

Daha sonra çıxış edən Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının uzun müddət üzərində işlədiyi 2022-2027-ci illər üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə strategiyasının hazır olduğunu və yaxın zamanda onun qəbulun gözlənildiyini bildirdi. Dünyada artan kiber hücumların təhdidlərindən də danışan nazir qeyd edib ki, bu hallar həm də bizim qarşımızda müxtəlif vəzifələr qoyur.

“İstənilən rəqəmsal texnologiyalardan istifadə rəqəmsallığın qorunmasında ehtiyac yaradır”. Bunu isə çıxışında təhsil naziri Emin Əmrullayev deyib. O qeyd edib ki, artıq son illərdə müəllim ixtisası da ciddi İKT bacarıqlarını tələb edir və rəqəmsallaşma sahəsində bundan sonra daha böyük işlər görülməldir.

Xüsusi təyinatlı kiberəməliyyatlar nəticəsində Vətən müharibəsi dövründə böyük uğurlar əldə olundu. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini İlqar Musayev deyib. O Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyanın kibertəhlükəsizlik məsələsində aparıcı rol oynayacağını qeyd edib.

Daha sonra çıxış edən Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Kibertəhlükəsizliyin təmin edilməsi ASAN Xidmətin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. " Bölmələrimizdə hər gün böyük həcmdə məlumatlar emal olunur və sistemlərimizin kibertəhlükələrə qarşı dayanıqlığının təmin edilməsi üçün müvafiq işlər görülür" deyə Mehdiyev bildirib. 

Biz qanunverici orqan olaraq hansısa təşəbbüs yaratmaqdan daha çox mövcud olan proseslərin tənzimlənməsinə fikir verməliyik. Bunu isə çıxışında Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. O qeyd edib ki,  bu gün hackerlər bizim yaratdığımız təhlükəsizlik sistemindən 5 il qabaqdadırlar və buna görə də qanunvericilik sahəsi geridə qalmış sayılır.

"Microsoft Azerbaijan" şirkətinin rəsmi nümayəndəsi Qaçay Mirzəyev isə kibertəhlükəsizlik məsələsində bəzi avadanlıqların ehtiyac olduğunu, kiber hücumlara qarşı kompetensiya mərkəzlərinin az olduğunu iştirakçıların diqqətinə çatdırıb. O əlavə edib ki, belə mərkəzlər maliyyə təşkilatlarının, dövlət qurumlarının nəzdində formalaşmalıdır.  kibertəhlükəsizlik üçün peşə standartlarının təkmilləşdirilməlidir deyə Qaçay Mirzəyev əlavə edib.   

Sonda isə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının ilk üzvlərinə və kibertəhlükəsizlik sahəsində fərqlənən şirkətlərə plaket hədiyyələr təqdim edildi.

 

Fuad Sadıqov

Fariz Quluyev

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR