Azərbaycanlı müəllimdən nümunəvi addım: EVİNDƏ DƏRS KEÇİR

# 13:26
22 aprel 2022

Cəlilabadda 3-cü sinif şagirdləri məktəbdən evə qayıtmırlar, əslində məktəbə gedirlər, daha doğrusu, təhsil almaq üçün evə gedirlər. Bu vəziyyət qulağa qarışıq gələ bilər, amma sadə dillə desək, Musalı kəndində bir sinfin şagirdləri icbari təhsili məktəbdə yox, evdə alırlar. Müəyyən şərait yaradılıb və ibtidai sinif müəllimi Aidə Quliyeva 15 şagirdi üçün evini məktəbə çevirib: “2 tədris ili onların pandemiya dövrünə düşdü. Onlarla onlayn məşğul olurdular, amma onlayn aşağı sinfə heç bir effekt vermirdi. İndi 3-cü sinifdə oxuyurlar və ənənəvi dərsdə irəliləyişləri var. Dərs dediyim müddətdə bir çox buraxılış siniflərim olub. Mənim siniflərimdən ali məktəblərə qəbul olunanlar və bu dəqiqə vəzifədə işləyənlər var”. 

Aidə müəllimə Azərbaycan Pedaqoji Universitetinin məzunudur və 30 ildir ki, Musalı kənd tam orta məktəbində ibtidai sinif müəllimidir. O, bu illər ərzində ana dili, riyaziyyat, informatika, həyat bilgisi, musiqi fənlərini şagirdlərinə tədris edib. Məktəbi qəzalı vəziyyətdə olduğu üçün bu ilin əvvəlindən yuxarı siniflərin hamısı Zəhmətabad kənd tam orta məktəbinə köçürülüb. Amma ibtidai siniflər üçün şəraitsiz məktəbdə tədris davam edirdi, ta ki, mart ayının 19-da yağan güclü qar məktəbi tam yararsız vəziyyətə salana qədər. Nəticədə hazırlıq qrupu və ibtidai təhsil səviyyəsi üzrə təhsil alan şagirdləri də qonşuluqdakı kənd məktəbinə köçürdülər. Orada 1 sinif üçün yer çatışmazlığı olduğundan Aidə müəllimə uşaqlara evdə dərs keçməyi qərara alır. Amma bu, sizə heç də asan gəlməsin: “Evdə dərs demək həm məsuliyyətlidir, həm də çətindir. Çətindir, ona görə ki, elə dərs var, evdə məşğul olmaq mümkün olmur. Məsələn informatika dərsi. Çünki, buna informatika otağı lazımdır. Eyni zamanda uşaqlara ciddi nəzarət eləmək lazımdır. Məktəbdə bütün müəllimlər bu nəzarəti eləyir, amma burada bu nəzarət tək mənim üstümə düşür. Bütün bu çətinliklərə baxmayaraq mən öz vəzifəmi yerinə yetirirəm. Mənim üçün əsas önəmli olan şagirdlərimin təlim-tərbiyəsidir. Çalışıram ki, bunun öhdəsindən layiqincə gəlim. Mən evdə də olsam, proqram əsasında dərs keçirəm. Heç bir proqramdan kənara çıxmıram”. 

Aidə müəllimə dərs prosesi üçün lazım ola biləcək bəzi avadanlıqları məktəbdən evə gətirməli olub. Buna baxmayaraq ev şəraitində tədris onun üçün müəyyən çətinliklər yaradır. Bir aydır ki, məktəbindən də, evindən də olan Aidə müəllimə əlindən gələni etməyə çalışsa da, ev məktəbin yerini vermir: “Biz mart ayının 26-dan burada dərs keçirik. Müəllimimiz necə lazımdırsa, dərsimizi keçir və bizim heç bir dərsimizi əskiltmir. Müəllimimiz bizi buraya gətirib və dedi ki, sizə burada mən dərs keçəcəm. Amma mən yenə də nazirimizdən xahiş edirəm ki, bizə təzə məktəb tikdirsin”.

“Mən istəyirəm ki, şəraiti olan, işıqlı və geniş otaqlı məktəbimiz olsun. Biz evdə dərs keçirik. Evdə dərs keçərkən ailələr çörək bişirərkən iyləri bizim uşaqlara və mənə gəlir. Biz də çörək istəyirik və Xalidə bacı da bizə çörək verir. STIK: Bizə az əziyyət olsa da, müəlliməyə çox əziyyət olur. Müəllimənin evinə qonaqlar gəlib-gedir. Biz dərs keçərkən bizim səsimiz qonaqlara narahatlıq verir. Qonaqlar danışarkən bizə narahatlıq verir. Biz istəyirik ki, müasir məktəbdə dərs keçək”. 

“Uşaqlara 10 dəqiqə tənəffüs vermişəm. İndi də istəyirəm ki, özümə çay dəmləyim, içim. Düzdür, belə rahatlıqdır, uşaqlara tənəffüs olanda nə isə işimi görürəm, amma buna baxmayaraq mən də kollektivlə bir yerdə olmaq istəyirəm, məktəbin olmasını istəyirəm. Ona görə də artıq dərəcədə xahiş edirik ki, bizim məktəbimizi tezliklə tiksinlər, biz də gedib rahatca məktəbdə dərsimizi deyib, sonra gəlib evdə öz istirahətimizi edək”. 

1969-cu ildə tikilmiş binası hazırda tam qəzalı vəziyyətdə olan Musalı kənd tam orta məktəbinin digər müəllim və şagirdləri müvəqqəti olaraq Zəhmətabad kəndindəki təhsil ocağına köçürülüb. Əlaqədar qurumlar qəzalı vəziyyətdə olan məktəb binasına baxış keçiriblər və Musalıda yeni məktəb binasının tikintisi dövlət investisiya proqramına daxil edilib. Arzu edək ki, Aidə müəllimənin də içində olduğu 200 nəfərdən çox şagird və müəllim heyəti çox keçmədən - növbəti tədris ilində yeni məktəb binasının tikintisinin şahidi olacaqlar.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV Cəlilabad

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR