“Azəriqaz” İB “Azəristiliktəchizat”a verdiyi qazı niyə kəsəcək?

# 16:53
26 noyabr 2021

Qış mövsümü girər-girməz yaranan problemlərdən biri də təbii ki, istiliklə bağlıdır. Elə vətəndaşların da ən çox gileyi məhz bununla bağlıdır. “İstilik verilmir və ya zəifdir”. Söhbət “Azəristiliktəchizat” ASC-dən getsə də, bu qurumun “Azəriqaz”a olan borcuna görə əziyyət çəkən tərəf vətəndaş olur.

 

Artıq dekabrın 15-dən etibarən “Azəriqaz” “Azəristiliktəchizata” verilən qazı dayandıracaq. Təbii ki, qeyd edilən tarixə kimi borc ödənməsə. Bəs yaxşı, belə ola halda vaxtı-vaxtında kommunal xərcləri ödəyən vətəndaş nə etməlidir?

 

“Azəriqaz” İB-in baş direktoru Ruslan Əliyev deyir ki, Azəristilik müqavilə bağladığı abonenti istiliklə təmin etməlidir: “Abonent ödəniş edirsə istiliyi “Azərisitilk”dən tələb etməlidir. Biz qaz satışı həyata keçirtdiyimiz üçün məbləği tələb edirik. Hər ikisi dövlət təşkilatı olduğu üçün onlara dekabrın 15-nə  kimi vaxt verilib ki, borcu ödəsinlər. Biz topdansatışçıya ödəmişik və bu məsələyə dekabrın 15-dən son qoyulacaq. “Azərisitilk” ya qazın dəyərini ödəməlidir, ya da qazın verilməsi dayandırılacaq”.

 

Açıq qapı aksiyası çərçivəsində suallarımızı cavablandıran baş direktor həmçinin qeyd etdi ki, İqtisadiyyat nazirliyi və SOCAR tərəfindən verilən tapşırığa əsasən “Azəriqaz” İB-in istehsalatda istifadə olunan avadanlıqlarının  böyük əksəriyyəti yerli istehsaldır. Artıq bununla bağlı “Gəncə Cihazqayırma Zavodu” ASC ilə memorandum imzalanıb: ““Azəriqaz” İB-in istehsalatda istifadə olunan avadanlıqlarının 85 faizi yerli istehsaldır. Mən bunu ilk dəfədir ki, açıqlayıram və qeyd edim ki, sayğaclar da 2022-ci ildən nəzərə alınsa 85 faiz yerli istehsaldır. Qazpaylayıcı şkaflar, metal borular, sayğaclar yerli istehsaldır”.

 

Qeyd edək ki, “Azəriqaz” İB-in baş direktorunun təşəbbüsü ilə  Kütləvi İnformasiya Vasitələri nümayəndələri və  vətəndaşlarla daha şəffaf, operativ əlaqə yaratmaq üçün hər həftənin 5-ci günü “Açıq qapı” aksiyası keçirilir. Birliyin inzibati binasında vətəndaşlar və  jurnalistlər onları maraqlandıran sualları birbaşa olaraq Ruslan Əliyevə ünvanlayaraq cavab alırlar. Həmçinin aksiya çərçivəsində qabardılan problemlər nəzarətə götürülərək qanunamüvafiq şəkildə həll edilir. Bundan başqa, qeyd edək ki, bu görüş paralel olaraq Birliyin rəsmi “Facebook” səhifəsində canlı yayımlanır.

 

 

Aytən Sakitqızı,

Fariz

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR