“Azyaşlılara işgəncə verirlər” deyilən bağçadan APA TV-nin REPORTAJI

# 20:34
3 iyun 2022

Ötən gün Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Sevgi Evi" qadın və uşaq sığınacağında uşaqların bədəni üzərində xəsarət izlərinin aşkar olunması ilə bağlı xəbərlər yayıldı.  

Sabunçu rayon Prokurorluğundan verilən xəbərə görə, sığınacaqda 10.05.2022-ci il tarixdə müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqların bədəni üzərində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı araşdırma aparılıb. Bu zaman azyaşlıların bəzilərinin üzərində xəsarət izləri aşkar edilib.

Təfərrüatları öyrənmək üçün üz tutduq Sabunçu rayonu, Yavər Əliyev küçəsi 31 ünvanında fəaliyyət göstərən "Sevgi Evi" qadın və uşaq sığınacağına.

APA TV-yə eksklüziv açıqlama verən Sığınacağın təşkilatçısı Könül Qasımova bildirdi ki, mətbuatda yayılan məlumat həqiqəti əks etdirmir. O, prokurorluğun yaydığı rəsmi məlumatda da "Sevgi Evi" qadın və uşaq sığınacağının adının çəkilmədiyini bildirdi.

Onun sözlərinə görə, dövlət qurumları tərəfindən sığınacaqda monitorinq keçirilib, lakin burada hansısa uşağa zorakılıq, fiziki və psixoloji təzyiqin göstərildiyindən söhbət gedə bilməz.

Könül Qasımova deyir ki, hazırda burada 8 uşaq, 5 ana var. Bu sığınacağa tənha analar, sosial durumu ağır olan ailələr və baxımsız qalan uşaqlar yerləşdirilir: “Sabunçu rayon Prokurorluğu tərəfindən məlumat yayılıb ki, paytaxtdakı sığınacaqların birində uşaqlara qarşı zorakılıq faktları aşkarlanıb. Burda heç bir rayon Prokurorluğu tərəfindən araşdırma aparılmayıb. Bura sadəcə monitorinq qrupu gəlib. Bunlar içəri icazəsiz daxil olur, uşaqları analardan alıb bu otağa salırlar. Mənim stolumun üzərindəki konfeti uşağa verib deyir ki, denən səni siqaretlə yandırdılar. Bununla bağlı mənim əlimdə səs yazıları da var. Analar danışmaq istəyir, amma onları dindirmirlər”.

Könül Qasımovanın sözlərinə görə, yayılan xəbərlər kökündən yanlışdır və qərəzli şəkildə sığınacağa qarşı aparılan qara piardır:

“Siz iddia edirsiniz ki, dövlət və hökumət qurumlarının təşkilatçılığı ilə keçirilən monitorinq qərəzlidir?

- Bəli, çünki monitorinq bu günədək müəyyən olunmuş qaydalara əsasən xəbərdarlıq olunduqdan 3 gün sonra gəlir.  Baxın bu, mənim uşaqları saxladığım məkandır. Səliqəli və rahat. Dövlətdən də bir manat almıram. Baş verənlər hazırda Prokurorluq tərəfindən şəffaf araşdırma aparılır. Haqqımızda yalnız bir valideynin şikayəti var. Onun övladını bir İcra Hakimiyyətinin məktubu ilə qəbul etmişik və o bura ananın imtina məktubu ilə gəlib, mən həmin ananı bu sığınacağa necə qəbul edim?”

“Valideyni sığınacaqdan şikayətçi olan qız uşağı 2006-cı il təvəllüddür” – deyən Könül Qasımova bildirir ki, Sabunçu Rayon 14-cü Polis Bölməsi tərəfindən sığınacağa təhvil verilən qızdan anası elə orda imtina edib:

“Sözügedən qız 4 gün polis bölməsində qalıb. Uşağın bura hansı vəziyyətdə gətirilməsi ilə bağlı fotolar da var. Sakit təbiətli olan bu qızcığaz valideyn himayəsindən kənar böyüyüb, məhz buna görə də, uşaq valideynlə görüşməkdən imtina edib. Bununla bağlı müxtəlif televiziyalarda verilişlər də yayımlanıb”, - deyə Könül Qasımova qeyd edib.

Təşkilatçı deyir ki, ana dəfələrlə sığınacağa müraciət edib, narahatçılıq yaratdığından onlar uşağı elə polis bölməsinə psixoloqla birgə təhvil veriblər və 16 yaşlı qıza sığınacaqda heç bir zorakı davranış nümayiş etdirilməyib.

Azyaşlıların başında spirt yandırılıb iddiasına gəlincə, Könül Qasımova deyir ki, bu tamamilə qərəzli, heç bir əsası olmayan şayiədir.

Könül Qasımovanın dediklərinin nə qədər həqiqət olduğunu öyrənmək üçün sığınacaqdakı azyaşlıların valideynlərindən biri ilə həmsöhbət oluruq: “Burda bir azyaşlı övladımla qalıram. İnanın, biz bura sığınacaq kimi baxmırıq, ev kimi baxırıq. Burda heç bir uşağa şiddət olmayıb, bir uşaq belə ac qalmayıb. Deyirlər ki, guya biz şiddət görürük, bundan başqa telefon kabeli ilə uşaqlar boğulur. Bu iddiadır, şərdir. Yəni belə bir şiddət varsa biz burda niyə qalaq?”.

Sığınacaqdan şikayət edən valideynlə də görüşüb onun da mövqeyini öyrənmək istədik. Lakin, nə qədər cəhd etsək də, o telefonlarımıza cavab vermədi.

Yeri gəlmişkən qeyd edək ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR