Bakı metrosu sərnişinlərlə görüşə hazırlaşır - REPORTAJ

# 10:29
27 aprel 2021

Pandemiya səbəbindən fəaliyyəti müvəqqəti dayandırılan Bakı Metropolitenində təmir-bərpa işləri hələ də davam edir. Sərnişin salonları yenilənir, tavan və döşəmə səthləri yeniləri ilə əvəz olunur.

 

Pandemiyaya görə altı aydır ki, fəaliyyəti dayandırılmasına baxmayaraq, metro daxilində təmir-bərpa işləri davam edir. Metropolitendə müxtəlif sahələrdə texniki proseslər icra olunur. Burada ilk dəfə müasir tipli qatarların planlı qaldırma təmiri metropolitenin işçiləri tərəfindən yerinə yetirilir. Əsaslı təmir sexində 3 qatar əsaslı, 5 qatar isə orta təmirə verilib.

 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyir ki, bu ilin tədbirlər planına uyğun olaraq gördüyünüz bu sexdə daha 5 qatarda müasirləşmə işləri aparılacaq: “Hazırda iki qatar üzərində işlər davam edir. Daha bir qatar isə tənzimləmə-sınaq işləri bitdikdən sonra xəttə veriləcək. Burada qatarlar əsaslı şəkildə yenidən yığılır. Onu da qeyd edim ki, buna qədər qatarlarımız Moskva, Xarkov, Tbilisi şəhərlərinə yönləndirilirdi. Hazırda bu sexdə yaradılmış şərait nəticəsində qatarların metropolitenin öz daxilində yenidən qurulması və əsaslı təmir işi görülür”.

 

“Nərimanov” elektrik deposunda qatarların baxış-təmir sahələrində də daha bir texniki yenilik tətbiq edilir. “Bakı Metropoliteni” QSC-nin rəis müavini Aydın Bəşirovun sözlərinə görə, qanovlarda qatarların hərəkətini təmin edən 825 V-luq kontakt şəbəkəsi yenidən qurulur: “Hazırda bizim depoda təmir, yenidənqurma işləri yerinə yetirilir. Həm də qanovların müasir tələblərə uyğun təmir edilməsi həyata keçirilir. Gördüyünüz kimi, qanovların dərinliyi vaqonların təmirinə uyğun şəkildə hazırlanıb. Hava boruları yenilənib, işıqlanma sistemi müasirləşib”.

 

Metroda qatarlara gərginliyin verilməsi üçün müasir tələblərə cavab verən belə qurğular da quraşdırılıb.

 

Aydın Bəşirov deyir ki, qatarların depo qanovlarından xəttə yola salınması, gərginlik verilməsi üçün müasir qovşaqlar quraşdırılıb: “Bu qovşaqların köhnə qovşaqlardan fərqi ondan ibarətdir ki, bunlar elektron sistemlə işə düşür, məsafədən də idarə edilməsi mümkündür”.

 

Deponun park yollarında da yeni sistemin tərkibi olan işıqforlar quraşdırılıb, ağac şpallar dəmir şpallar ilə əvəz olunub.

 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, gündüz şəraitində köhnə işıqforların işıqlarının seçilməsi çox çətin olurdu: “Lakin müasir işıqforlarda işıqların parlaqlıqları tam təmin olunur, bu isə qatarı hərəkət etdirən maşinistin işıqforu uzaq məsafədən də aydın görməsini təmin edir”.

 

Təmir sexindəki qatarlarda bərpa işlərinin iki-üç ay ərzində yekunlaşdırılması nəzərdə tutulur. Görünən odur ki, Bakı metrosu sərnişinlərlə görüşə yeniliklərlə gəlməyi planlaşdırır. Tezliklə yenilənən vaqonlarda səyahət etmək diləyi ilə....

 

Fatma Zahidqızı,

Əli Ələkbər,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR