Bakı növbəti dünya çempionatına hazırlaşır

# 17:51
15 aprel 2023

Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına son hazırlıqlarla bağlı mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov bildirib ki, Azərbaycanda keçiriləcək dünya çempionatı Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Ümumdünya Taekvondo Federasiyasının 50 illik yubileyinə təsadüf etdiyindən bizim üçün xüsusi əhəmiyyət daşıyır. Mundiala qısa zaman qaldığını bildirən Nağı Səfərov hər şeyin plan üzrə getdiyini deyib.

Dünya Taekvondo Federasiyasının texniki nümayəndəsi Məhəmməd Şaaban

deyib ki, dünya çempionatının Paris-2024 Yay Olimpiya Oyunlarından öncə keçirilməsi çox önəmli məsələdir, çünki hakimlərin seçimi məhz Bakıdakı yarışdan sonra baş tutacaq.

Konfransda dünya çempionatının promo video çarxı, eləcə də rəsmi saytı təqdim olunub. Saytda idmansevərlərin rahatlığını təmin etmək üçün müasir proqram təminatından istifadə olunub.

 

Mundiala paytaxtımızın ev sahibliyi etmək hüququ bir il öncə verilib. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini versə də, səsvermə ilə Azərbaycan qalib gəlib. Düzdür, son anda Bolqarıstan istəyini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə isə Avropa çempionatı, Qran-pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatını Azərbaycana həvalə edib. Mundial mayın 29-dan iyunun 4-dək Bakı Kristal Zalında keçiriləcək.

 

Sayca 26-cı dəfə təşkil olunacaq yarış Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq.

Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra 7-ci kimi tarixə düşəcək.

 

Qeyd edək ki, mundaialın informasiya dəstəkçisi “APA Media Group”dur

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR