Bakı qlobal məsələlərin müzakirə edildiyi mərkəzə çevrilib - Sabiq nazir

# 17:51
26 oktyabr 2022

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 10 illiyi münasibətilə Mərkəzin idarə heyətinin üzvləri Bakıya səfəri edib.

 

APA TV-nin xəbərinə görə, gələn qonaqlar arasında Xorvatiya, Bolqarıstan, Bosniya və Herseqovina, Latviya, Gürcüstan, Serbiya və Monteneqro kimi bir çox ölkələrin sabiq prezidentləri və baş nazirləri var.

 

Səfər çərçivəsində qonaqlar ilk öncə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra Mərkəzin baş ofisində keçirilən press konfransda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin, Serbiyanın sabiq Prezidenti, Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, BMT Baş Assambleyasının 75-ci Prezidenti Volkan Bozkır, və digər rəsmilər iştirak ediblər .

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldinin sözlərinə görə, Mərkəz hər il ən azı 10 tədbir keçirir ki, bu tədbirlərdə enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, qida təhlükəsizliyi və digər aktual qlobal problemlər müzakirə olunur: “Tədbir iştirakçıları problemlərin həlli üçün ümumi yollar tapırlar. Bu qəbildən olan növbəti tədbir - Qlobal Bakı Forumu - gələn ilin 9-11 mart tarixlərində keçiriləcək".

 

Gürcüstan Baş nazirinin sabiq müavini  Eka Tkeşelaşvili deyir ki, 10 il bundan öncə qlobal strateji məsələlərin müzakirələri dünyanın digər müxtəlif mərkəzlərində həyata keçirilirdi: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Qlobal Bakı Forumu Azərbaycanın paytaxtını dünya xəritəsində qlobal strateji məsələlərin müzakirə edildiyi və həll olunduğu mərkəzlərdən birinə çevirib. Mərkəzin ən vacib nailiyyətləri sırasında müxtəlif ölkələrin diplomatların arasında dialoq və müzakirələrin aparılması üçün platformanın yaradılması mühüm yer tutur”.

 

Qeyd edək ki, Mərkəzin 10 illiyi ilə bağlı Gülüstan Sarayında təntənəli tədbir keçiriləcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR