“Bakı Ürək Günləri” 7-ci Beynəlxalq Konqresi işə başlayıb - VİDEO

# 18:17
22 may 2021

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” 7-ci Beynəlxalq Konqresi işə başlayıb.

 

APA-nın xəbərinə görə, dünyada mövcud olan COVID-19 pandemiyası səbəbindən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən keçirilən Konqres onlayn formatda baş tutub.

 

İki gün davam edəcək Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. 20-yə yaxın ölkədən kardioloq və kardiocərrahın mühazirəçi kimi iştirak etdiyi “Bakı Ürək Günləri” 7-ci Beynəlxalq Konqresində ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər, o cümlədən COVID-19 pandemiyasının ürək xəstəliklərinə təsiri və dünyanın aparıcı ölkələrində müalicəsinin təşkili müzakirə edilir.

 

Kardiologiya və ürək-damar cərrahiyyəsi mütəxəssislərinin, həmçinin bu sahə ilə əlaqədar olan digər mütəxəssislərin Konqresə izləyici kimi qatılmalarının tam sərbəst olduğunu deyən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev Dünya Uşaq Kardiologiyası və Ürək Cərrahiyyəsi Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində anadangəlmə ürək qüsurlarının Konqresdə ayrıca bir sessiyada müzakirə ediləcəyini bildirib: “Əvvəlki Konqreslərdə həm yerli, həm də əcnəbi mütəxəssislərin mühazirələrinə yer ayırırdıq. Bu dəfə isə çıxışçıların yalnız əcnəbi mütəxəssislərdən seçilməsi qərarı aldıq. Bunun da əsas səbəbi yerli mütəxəssislərimizin pandemiya dövründə xaricdə təşkil olunan konfranslara qatılmaq imkanlarının məhdudluğu ilə əlaqədardır”.

 

Kamran Musayev onu da bildirib ki, Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclasında “Bakı Ürək Günləri” 7-ci Beynəlxalq Konqresi davamlı tibbi təhsil verən tədbir kimi tanınıb və Konqresə 16 kredit balı verilib. Bu o deməkdir ki, Konqresdə izləyici kimi qatılan mütəxəssislər illik tələb olunan 48 kredit balının 16-nı toplaya bilərlər.

 

Konqresdə iştirak etmək istəyən mütəxəssislər qeydiyyat üçün Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin saytına (www.audcc.org.az) və Konqresin Təşkilat Komitəsinə müraciət edə bilərlər.

 

Xatırladaq ki, 2009-cu ildən etibarən hər iki ildən bir “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR