Bakıda 102 yaşlı bina qəzalı vəziyyətdədir - SOS

# 10:38
2 iyun 2021

- 10 ildən çoxdur bu binanın əsaslı təmir olunması üçün söz-söhbət gedir. Amma hələ də bir xəbər yoxdur. Tavanı yox, çöldən vurulan lambrinlər hamısı sökülüb. Soyuq olanda qazımız yox, suyumuz yox, işığımız da bərbad gündə. İşıq naqillərini elə vəziyyətdə düzəldiblər ki, hər an alışıb yanma təhlükəsi ilə üz-üzə qalırıq. Dəfələrlə uşaqları tok vurub. Kimə də deyirik, deyirlər bu bina qəzalıdır.

 

Ramana qəsəbəsi, 12-ci Mədən küçəsindəki B 42 saylı binanın sakinləri problemlərin girdabına elə düşüblər ki, bu çətinliklərdən çətin ki, yaxa qurtara bilsinlər. 29 ailə illərdir ki, canlarını dişlərinə tutub dözür, bir növ “yaşamaq uğrunda” həyatla çarpışırlar. Lakin bir müddət öncə üstüaçıq elektrik naqilinin azyaşlını vurması sakinləri həyəcan təbili çalmağa vadar edib.

 

Şikayətçi Aliyə Kərimova deyir ki, bir gün ya üstüaçıq elektrik naqilləri kimisə vurub öldürəcəyi, ya da binanın talvarından kiminsə başına daşdan, dəmirdən nəsə düşəcəyi günü uzun illərdir çar-naçar oturub gözləyirlər: “Suyu mən öz hesabıma çəkmişəm. Ondan ötrü nə qədər qırğın-dava edirdim ki, gəlin su çəkin. Qazı da gəlib kəsdilər, dedilər, təmirdən sonra gələcək, o da illərdir gəlmir. Deyəndə deyirlər bina qəzalıdır, nə vaxt təhlükə aradan qalxar, onda verərik”.

 

Şikayətçi Vəsilə Allahverdiyeva deyir ki, on il əvvəl əsaslı təmirə imza atıldı, o vaxtdan hələ də səs-soraq yoxdur təmirdən: “Tamam başdansoyuq təmir etdilər. Heç qara döşəməsi olmadan təmir ediblər. Lambrinlə tavanı döşədilər, amma hamısı külək əsən kimi uçub getdi. Qonşular hər kəs öz gücünə bir balaca əl gəzdirib əlacsızlıqdan yaşayır burada. Kanalizasiya küçənin ortasına axır, uşaqların oynamağa yeri yox”.

 

 

Şəhid anası Minayə Məmmədova da gözünü bu binada açıb. Deyir, şəraitsiz bu qəzalı mənzildə vətən üçün iki oğul böyüdüb. Şəhid övladı Elmarı da 2015-ci ildə hərbi xidmətə elə bu binadan yola salıb. Oğlunun cənazəsini isə şəraitsizlik ucbatından qohumlarının evində qarşılayıb, yas mərasimini də orada verib: “Binamızda qaz yox, şərait yox, bərbad vəziyyətdə yaşayırıq. 45 kvadratlıq evdə yaşayarıq. Mən dəfələrlə demişəm ki, demirəm mənə villa verin, deyirəm binamızı təmir eləyin, biz də insan kimi normal şəraitdə yaşayaq. Bu bina bir əsrdən çox yaşı olan binadır. Qəzalı vəziyyətdədir. Gəlsin bunu söksün. İndi hansı dövrdür ki, bir binanın qazı olmasın. Biz qışda soyuqdan qırılırıq. İşığı gəlib kəsirlər, biz qalırıq işıqsız”.

 

Dayandığımız bu balkondan qarşı tərəfə gözəl bir mənzərə açılır. Amma elə ətrafa dönüb baxmaq kifayətdir ki, bu gözəllik tam qəzalı bina və hər an təhlükə saçan elektrik naqilləri, uçub sökülmüş  tavan ilə əvəzlənsin. Sakinlər deyir ki, illərdir divarların çatını, tavanı təmir etməkdən artıq yorulublar.

 

Vahid Məmmədovun sözlərinə görə, bina təxminən 100 ilindir: “Bina yüz ilin binasıdır. Burada kanalizasiya yoxdur. Binanın ayaqyolusu yoxdur. Burda həyətdə düzəltmişik ümumi ayaqyolu, ora da bərbad gündə”.

 

Vəsilə Allahverdiyeva deyir ki, problemlə bağlı dəfələrlə icra hakimiyyətinə müraciət edilib: “Dəfələrlə icra hakimiyyətinə demişik, Mənzil İstismar Departamentinə demişik, amma heç kim şikayətimizə baxmır. Hamısı bir-birinin üstünə atır”.

 

Sakinlərin şikayətinə əsasən “Azəriqaz” ASC ilə əlaqə saxladıq. Qurumun sözçüsü Ceyhun Səfərov deyir ki... “Sözügedən binaya qazın verilişi arıq uzun illərdir dayandırılıb. Buna səbəb də aidiyyəti qurumların binanın qəzalı olması haqqında verdikləri rəydir. Qəzalı binaya qazın verilişi təhlükəsizlik baxımından mümkün deyil. Dəfələrlə sakinlər bizə müraciət edib, hər dəfə də onlara izah olunub ki, bina qəzalı vəziyyətdədir, mavi yanacağın ora verilməsi mümkün deyil. Bu problem bir-iki il yox, artıq uzun illərdir mövcuddur”.

 

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən 3 saylı Mənzil Kommunal-Təsərrüfat Birliyi ilə də əlaqə saxladıq: “1905-ci ildə inşa edilən sözügedən binaya yenidən baxış keçirilib. Binanın qəzalı olub-olmaması barədə aidiyyəti qurumlara yazılı müraciət edilib. Hazırda həmin cavabı gözləyirik. Yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək”.

 

O ki qaldı “Azəriqaz” İstehsalat Birliyinin binanın qəzalı vəziyyətdə olması səbəbi ilə mavi yanacağın verilişinin dayandırılması iddiasına, qurum rəsmisi deyir ki, bina Dövlət Neft Şirkətinin balansında olub, 2012-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilib. Bina təhvil-təslim edilən zaman binada qazın verilişi artıq dayandırılmış olub.

 

İlahə Vəliyeva,

Üzeyir Ağayev,

Xəqani Hüseynov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR