Bakıda 20-25 min manata evlər satılır, amma...

# 20:18
14 mart 2022

Bakıda 20-25 min manata tam təmirli evlər satılır. Bəli, bu cür xəbərlərə əmlak saytlarında tez-tez rast gəlirik. Bəs görəsən Bakı ətrafı ərazilərdəki torpaq qiymətlərinin ortalama 4-5 min olduğunu nəzərə alsaq, eləcə də tikinti materialları bazarındakı qiymətlərin yüksək olduğu bir zamanda, bu evlər niyə bu qədər ucuza satılır. Bu gün bu mövzunu araşdırmaq üçün Bakıətrafı qəsəbələrdən birinə gəlmişik.

Əmlak saytlarının demək olar ki, hamısında Bakıətrafı ərazilərdəki bəzi evlərin 20-25 min manata satıldığı elanını görürük. Elanlarda qeyd olunur ki, bu ucuz evlər qaz və işıqla təmin olunub. İlk baxışda “ucuz ətin də şorbası olarmış” təəssüratını bağışlayır.

Tikintində iş icraçısı Ramin Məmmədovun sözlərinə görə, belə evləri alan zaman bir çox məsələdə alıcılar diqqətli olmalıdır. Çünki ev tikintisi zamanı materialların keyfiyyətsiz olması, gələcəkdə həmin evin uçmasına belə səbəb ola bilər: “Tutaq ki, 20.000 manata ev satılır. Alıcı bilməlidir ki, bu evin bünövrəsi yoxdur. Divarları tək daşlı tikilib. Çünki sementin qiyməti hazırda 7 manatdı, qumun kubu 18 manatdı, keyfiyyətli dəmirin kvadratı 11 manatdı, həmin dəmiri alırlar 4 manata, bu da keyfiyyətsiz bir şeydir. O ev 3-5 ildən sonra çökəcək”.

Ramin Məmmədov deyir ki, torpaq sürüşməsi olan yerlərdə də bu cür evlər çox ucuz satılır. Həmin ərazidə bir daha sürüşmənin olmayacağına heç kim zəmanət verə bilməz.


Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, satılan ərazinin ya sənədlərində problem olur, ya da bir və daha artıq şəxsə satıldığı üçün qiyməti aşağı olur: “Qiymətlərin ucuz olmasının  əsas səbəblərindən biri, həmin torpaqların satışı zamanı çıxarışın (kupçanın) verilməməsidir. Alıcılar belə evləri alarkən, bir çox problemlə qarşılaşırlar. Buna misal olaraq evin qış aylarında nəmişlik verməsi, həmin ərazidəki yolların bərbad vəziyyətdə olması, eyni zamanda mənzilin iki və daha artıq şəxsə satılmaqla problemli əraziyə çevrilməsidir”.

Buradan belə bir qənaətə gəlmək olar ki, ucuz qiymətlərə satılan evlər ya uça bilər, ya da sənədsiz halda satıldığı üçün alıcı bir çox problemlə üzləşəcək.


Necə deyərlər, havayı pendir yalnız tələdə olur.
 

Semral Cavad

Fariz Quluyev
APA TV


 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR