Bakıda bu rayonun sakinləri ətrafa yayılan kəskin qoxudan şikayətçidirlər

# 18:14
26 avqust 2021

Binəqədi rayonu 7-ci mikrorayon ərazisi Fərman Məlikov küçəsinin sakinləri kəskin üfunət və natəmizlikdən əziyyət çəkir.

APA TV xəbər verir ki, Fərman Məlikov küçəsindəki zibil qutularından ərazidə yüzlərlə sakin faydalansa da, tullantılar boşaldığı zaman zibillikdəki qatı mayə küçəyə tökülür. Nəticə etibarilə ərazidə yaşayan sakinlər, eləcə də həmin küçədən yolu keçən vətəndaşlar kəskin üfunət qoxusundan əziyyət çəkir. Sakinlər bildirir ki, səhər və axşam vaxtı zibil boşaldılarkən kəskin qoxu səbəbindən evlərindəki pəncərələri bağlamalı olur.
 
- Burada milçəkdən durmaq olmur. İydən keçmək olmur, yaxın vaxtda məktəb açılacaq, bunlar hamısı ziyanlıdır onlar üçün. Ziyanlı olduğu üçün müraciət etmişik.

- Şikayətimiz ondan ibarətdir ki, o zibil qabları təzələnməlidir. Oraya yığılan zibilin suyu yerə axır, üfunət qoxusu əmələ gəlir. Əsasda ondan şikayətçiyik.

- Bütün sakinlərə çox pis təsir edir, çox pis dərəcədə.

- İşə gedərkən ətir vurub çıxırıq, buradan keçəndə üstünə pis qoxu hopur.


Məsələ ilə bağlı Bakı Şəhər İcra hakimiyyətinin kommunal xidmətlər müəssisəsinin direktoru İlqar Hüseynovla əlaqə saxladıq. İlqar Hüseynov bildirdi ki, zibil qutularının dəyişdirilməsi pilot layihədir. Bakıdakı rayonların ardıcılığına uyğun olaraq, zibil qutuları dəyişdiriləcək. Binəqədi rayonuna isə bu ilin sonuna kimi 200-dən çox yeni zibil qutuları göndəriləcək: ”Bu ilin axırına kimi bütün konteynerlər birmənalı olaraq dəyişəcək. Digər rayonlara da ayrılan normaya uyğun olaraq, saya görə bölüşdürüb veririk”.

Qeyd edək ki, Binəqədi rayonunun bir çox ərazisində müasir zibil qutuları olsa da, Fərman Məlikov küçəsində yaşayan küçədə həmin tullantı qutularından yoxdur.

 

Sakinlərə isə yalnız gözləmək qalır.

 

SEMRAL CAVAD
ÜZEYİR AĞAYEV
APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR