Bakıda Dəli Domrulluq edən MTK-lar: Canımızı və cibimizi necə qurtaraq?

# 10:00
1 mart 2023

Bu gördüyünüz elanda deyilir ki, qaz şkafı və avadanlıqları təcili dəyişdirilməli olduğundan bina sakinlərindən 20 manat yığılmalıdır. Halbuki hər ay bina sakinləri Mənzil Tikinti Kooperativinə kommunal xərclərin ödəniləməsi üçün vəsait ödəyirlər. Maraqlıdır, 300-400 ailənin yaşadığı bu binalarda hər ay vəsait toplanırsa, hansısa avadanlığı dəyişdirmək üçün MTK-lar niyə təkrar pul tələb edirlər?

Sualımıza cavab tapmaq üçün elə həmin elan yapışdırılan ünvana getdik.

Kamera qarşısında müsahibə vermək istəməyən binanın komendantı bildirdi ki, Həyat MTK özünü maliyyələşdirən qurum olduğuna görə elandakı məbləğin yığılması bina sakinləri ilə qurum arasındakı problemdir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə bunla razılaşmır. O deyir ki, bu cür əlavə vəsaitlərin yığılması qanunsuzdur. Bina sakinləri kommunal xərclər üçün ödədikləri məbləğin hesabatını MTK-dan tələb etsələr, əlavə pul vermək məcburiyyətində də qalmazlar.

Ekspert deyir ki, bir çox MTK-lar nə idarətmədən uzaqlaşırlar, nə də yığdıqları vəsaiti düzgün istiqamət üzrə istifadə edirlər. Belə olan halda vətəndaşlardan yığılan pullar mənimsənilir və sadə bir problem yaranan zaman isə həlli vətəndaşların üzərinə yüklənir.

Təkrar sözügedən elana qayıdaq.

Elanda yazılıb ki, qaz şkafı və avadanlıqların təcili dəyişdirilməsi üçün hər evdən 20 manat yığılmadığı təqdirdə qazın verilməsi “Azəriqaz” tərəfindən dayandırılacaq.

Bəs bu avadanlıqları kim almalıdır? Bu vəziyyətdə “Azəriqaz”ın rolu nədir?

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyir ki, təmsil etdiyi qurum abonentlərinə heç bir xidməti ödənişli şəkildə etmir, bu elanın da “Azəriqaz”la heç bir əlaqəsi yoxdur.

Belə aydın olur ki,  MTK-ların sadə bir problemdə vətəndaşların üzərinə şığamaması üçün elə vətəndaşların özlərinin bu işə əncam çəkməsi, hər ay ödədikləri pulun hesabatını tələb etmələri lazımdır. Əks təqdirdə belə elanlar da, tələb olnan məbləğ də günü gündən artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR