Bakıda İnsan Resursları Zirvəsi keçirilib

# 09:58
22 iyun 2023

 

Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə İnsan Resursları Zirvəsi keçirilib. İnsan resursları sahəsi üzrə mütəxəssislərin bir araya gəldiyi və “Gələcəyə qayıdış” devizi ilə keçirilən tədbirin məqsədi insan kapitalına əsaslanan gələcəyə hazırlıqlı cəmiyyətin formalaşmasına zəmin yaratmaq, bu istiqamətdə peşəkarlarla müzakirələr aparmaqdır. İki gün davam edəcək tədbirdə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Elm və təhsil naziri Emin Əmrullayev, Gənclər və idman naziri Fərid Qayıbov, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri, xarici ekspertlər, insan resursları üzrə mütəxəssislər və digər qonaqlar iştirak edib. Tədbiri giriş sözü ilə açan Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanın keçdiyi inkişaf yolundan, iqtisadiyyatın dinamik inkişafından söz açaraq ölkəmizdə aparılan sosial islahatları, sosial ödənişlərdəki ciddi artımları diqqətə çatdırıb. O bildirib ki, son 5 ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub. Bu dövrdə minimum əməkhaqqında 2,7, cəmi 4 il ərzində median əməkhaqqında 2,1 dəfə artım qeyd olunub. Həmçinin orta aylıq əməkhaqqında 70 faiz, əməkhaqqı fondunda 2,5 dəfə artım olduğu, sosial islahatlar üçün illik 7 milyard manata yaxın vəsait ayrıldığı diqqətə çatdırılıb. Əmək, məşğulluq, sosial müdafiə üzrə 153 xidmətdən 140-nın və ya 91 faizinin tam elektronlaşdırıldığı, DOST mərkəzləri tərəfindən 1,6 milyon vətəndaşa xidmət göstərildiyi və bu xidmətlərdən vətəndaş məmnunluğunun 98 faiz üzərində olduğu vurğulanıb. Tədbirdə həmçinin əhalinin sabit artımının aktiv məşğulluq proqramlarının da daim genişləndirilməsini əsas çağırışlardan biri kimi şərtləndirdiyi vurğulanıb. Məşğulluğun iqtisadi inkişafda və sosial rifahda mühüm rolu, eyni zamanda iqtisadiyyatla təhsil sistemi arasında bir körpü olduğu vurğulanıb. Tədbir online sual-cavab formasında davam etdirilib. AYNUR QARA FARİZ QULİYEV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR