Bakıda it-pişik yemi olan toyuqlar əhaliyə satılır

# 10:40
12 yanvar 2023

Son vaxtlar bəzi binaların, metro stansiyalarının və bazarların qabağında üçü 10 manata “kənd çolpası” adı ilə toyuq əti satılır. Ucuzluğuna həvəslənib alanların sayı isə heç də az deyil.

Maraqlıdır, ətin bu qədər bahalaşdığı bir dövrdə 3-ü 10 manata kənd çolpası almaq mümkündürmü? Bu cür dırnaqarası kənd çolpaları ölkəyə və bazarlara haradan, necə gəlib çıxır? Suallarımıza cavab tapmaq üçün öncə bazara üz tutduq.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli deyir ki, əslində bu cür toyuqlar ölkəmizə daha çox Belarusdan gətirilir. Onun sözlərinə görə, bu toyuqlar dondurulmuş halda olurlar və qablaşdırmanın üzərində 2-ci sort olduğu qeyd edilir. Sadəcə, bəzi işbazlar qablaşdırmanı cırır, keyfiyyətsiz məhsulu kənd çolpası adı ilə satmağa çalışırlar.  

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov isə söylədi ki, broyler fabriklərində yetişdirilən ətlik toyuqlar kökəlməsi üçün intensiv qidalandırılır, çəkisi 1 kq-nı ötdükdə kəsimə gedir və bazara çıxarılır. Yumurtalıq toyuqlarla bağlı isə vəziyyət başqadır.

Eyyub Hüseynov onu da bildirib ki, bu cür aşağı qiymətə satılan kəsilmiş toyuqlar təkcə yumurtadan kəsilənlər deyil. Onun sözlərinə görə, bəzən broyler fabriklərində bir gecədə satış həddinə çatmamış minlərlə toyuq ölür. Bəzi işbazlar isə onları məhv etmək yerinə, kəsib bazarlara çıxardır. Çəkisi az olduğu üçün insanlar bunun kənd çolpası olduğuna inanırlar.

 

Ekspertlər onu da bildirirlər ki, ikinci sort toyuq əti daha çox it, pişik kimi ev heyvanlarının yemlənməsi üçün nəzərdə tutulur.

 

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə də müraciət etdik. Qurumdan bildirdilər ki, sözügedən problemlə bağlı ətraflı məlumata sahib deyillər. Bu barədə yayılan iddiaları və sosial şəbəkələrdəki görüntüləri araşdırmağa başlayıblar.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR