Bakıda “Kəşmirlə Həmrəylik günü” qeyd olunub
Pakistanın Azərbaycandakı səfirliyində “Kəşmirlə Həmrəylik günü” qeyd olunub. APA TV-nin verdiyi məlumata görə, tədbirdə çıxış edən Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand bildirib ki, Kəşmirdə vəziyyət ağırdır. Onun sözlərinə görə, ötən ilin fevralında Hindistan Hərbi Hava Qüvvələri Pakistanın hava sərhədlərini pozaraq, Pakistanın ərazi bütövlüyünə və suverenliyinə təhdid yaradıb: “Biz sülhsevər ölkəyik. Ümid edirik ki, regiona sülh gətirə biləcəyik. Bu, hər iki xalqın maraqlarına uyğundur. Avqustun 5-də Hindistan Cəmmu və Kəşmirin xüsusi statusunu ləğv edib. Son 6 ay ərzində Kəşmir təzyiq altındadır, insanlar əziyyət çəkir. Məktəblər, xəstəxanalar bağlıdır. Ştatın əsas gəlir mənbəyi turizmdir. Son hadisələr turizmə ciddi təsir edib. Bu, iqtisadi soyqırımdır. Hindistan hökuməti Kəşmirin demoqrafik göstəricilərini də dəyişməyə yönələn siyasət yürüdür. Minlərlə kəşmirli qətlə yetirilib”. Tədbirin sonunda jurnalistlərin suallarını cavablayan diplomat deyib ki, bütün beynəlxalq təşkilatlar Hindistan hökumətinin bu siyasətini açıq şəkildə tənqid edir, BMT-nin Kəşmirlə bağlı 11 qətnaməsini yerinə yetirməyə çağırır. Qeyd edək ki, Pakistan 1991-ci ildən etibarən hər il fevralın 5-də özünün dövlət bayramını – “Kəşmirlə Həmrəylik gününü” qeyd edir. Bu bayram Kəşmirin bir hissəsi üzərində Hindistanın nəzarəti əleyhinə etiraz əlaməti olaraq qeyd olunur. Kəşmir münaqişəsi hələ də davam etdiyinə görə vilayətin ərazisi 3 ölkə - Pakistan, Hindistan və Çin arasında bölüşdürülüb.