Bakıda mənzillərdən oğurladıqlarını görün harada satdılar
Bakıda evlərdən silsilə oğurluqlar edilib. Daxili İşlər Nazirliyindən APA TV-yə verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Rəhman Hacıyev, Elnur Tahirov və Mirasəf Kərimli tutulublar. Onların Xəzər rayonunun Binə və digər qəsəbələrində 7 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub. Araşdırma zamanı bu şəxslərin Suraxanı və Sabunçu rayonlarında da evlərdən oğurluq etdikləri müəyyən edilib. Saxlanılan şəxslər əldə etdikləri qızl-zinət və məişət əşyalarını Nizami rayonunda yerləşən ticarət mərkəzlərindən birində satıblar. Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Adları çəkilən şəxslərlə əlbir olan digər dəstə üzvlərinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.