Bazar müdirinin DYP-dən şikayətinə rəsmi mövqe

# 12:57
19 sentyabr 2021

Ötən gün APA TV-nin Qaynar xəttinə müraciət edən Axundov Kamran Şəmistan oğlu Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin iki əməkdaşı tərəfindən təzyiqə məruz qaldığını, spirtli içki qəbul etmədiyi halda bu səbəbdən saxlanıldığını  iddia edib.

Məsələ ilə bağlı APA TV-nin efirində yayımlanan süjetdən sonra Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılıb. Sözügedən orqanın ictimaiyyətə əlaqələr şöbəsinin rəisi polkovnik-leytenant Namidan Piriyev bildirib ki, sürücü Kamran Axundov hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılıb. Sürücüyə pozduğu qanun haqqında məlumat verilsə də o özünə haqq qazandırıb.

Namidan Piriyev qeyd edib ki, özünü Xırdalan bazarının müdiri kimi təqdim edən Kamran Axundovu polis əməkdaşları alkoqol şübhəsi ilə saxlamış olsaydı o zaman onun spirtli içki qəbul edib etmədiyini  alkotester vasitəsi ilə müəyyən etmiş olardılar. Lakin sürücü polis əməkdaşları tərəfindən tibbi müayinəyə aparılmayıb. Həmin sürücü barəsində  kəmər taxmadığına görə inzibati xəta haqqında protokol tərtib olunub.

Qurumun sözçüsü qeyd edib ki, Yol Patrul Xidməti əməkdaşları sürücüyə qarşı nalayiq ifadə işlətməyiblər, onun iddiası tamamı ilə əsassızdır.

Qeyd edək ki, Kamran Axundov iddia edirdi ki, polis serjantları ona qarşı nalayiq ifadələr işlədərək, əl-qol atıblar, mobil telefondan istifadə etməməyi tapşırıblar.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR