Bərdədə baş verən silahlı insidentlə bağlı təfərrüatlar

# 18:00
2 noyabr 2021

Bərdədə silahlı insident olub.

 

Hadisə rayonun Mirzalıbəyli kəndində qeydə alınıb. Belə ki, Tərtər rayon Mamırlı kənd sakini Əli Bağırov idarə etdiyi “VAZ-21 012” markalı avtomobillə  ona pul borcu olan Bərdə rayon Mirzalıbəyli kənd sakini Ədalət Nəsirovun kəndinə gəlib. Avtomobildə yaranan mübahisə zamanı Ədalət 200 manat borclu olduğu Əlinin qoluna bıçaqla xəsarət yetirdikdən sonra maşından düşüb qaçıb. Əlinin sərxoş olması onun daha da hiddətlənməsinə səbəb olub. Maşının yük yerində gəzdirdiyi  avtomat silahı götürüb və birbaşa Ədalətin evinə gəlib. Onun həyətinə girərək orada havaya atəş açdıqdan sonra gəldiyi kimi də geri qayıdıb.

 

Ədalətin atası Rizvan Nəsirov hadisəni belə danışır: ”Səkkiz olardı gördük qapı bir dəfə açıldı örtüldü. İkinci səfər bir də təpiklənəndə yoldaşım gedib qapını açdı. Açanda avtomatlı girdi içəri başladı söyüşlə ağzın belə olar, sizi qıracam... Qardaşım çatırdı, bununla süpürləşəndə mən də çatırdım. Çatırdım, bunun əlindən avtomatı aldım. Bunun yanında  bir dənə qadın var idi. Qadını tanımıram, bilmirəm, kimdir... Daha sonra da camaat töküldü bura. Göyə avtomat atdı, oturdu maşına qaçdı. Mənim oğlumun ona 200 manat borcu var. O da “patıdan” atıb gəlib bura. Nə bilim, dərman atıb, içki içib nə edib. Başı çönmüşdü də... həmişə məni görəndə iki qatlanırdı, indi məni görüb sinəsini verirdi qabağa. Bax haqq-hesab budur, 200 manat pula... Deyirəm ki, 200  manat mənim oğlumun sənə borcu var idisə, gəlib mənə deyərdin mən verərdim. Sən avtomatlı zadlı bura nəyə hücum eləmisən?”.

 

Yaranmış insidenti görən ailə üzvləri bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. Məlumatı alan polis əməkdaşları dərhal hadisə yerinə gedib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Əli Bağırov saxlanılıb və ondan “AK” markalı avtomat silahı, 1 ədəd patron darağı və 1 ədəd patron götürülüb.

 

Tibbi müayinədən keçirilərkən onun orta dərəcəli sərxoş olması müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Habil Aslanoğlu,

Ziya İsmayıloğlu,

APA TV – Bərdə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR