Beynəlxalq səyahətçilər Füzuli aeroportuna kommersiya təyinatlı uçuş ilə ilk dəfə Qarabağa səfər edib
30 nəfərdən çox dünya miqyaslı beynəlxalq səyahətçi AZAL-ın Füzuli Beynəlxalq Hava Limanına kommersiya təyinatlı sınaq uçuşu ilə ilk dəfə Qarabağa səfər edib.
APA TV-nin yerli bürosu xəbər verir ki, 1 il əvvəl ağır döyüşlərin getdiyi Füzuliyə məhz şəhidlərin Anım Günündə növbəti sərnişin təyyarəsinin enməsi tarixi Zəfərin daha bir nəticəsi kimi rəmzi məna daşıyır. Bu, bir tərəfdən Azərbaycanın iqtisadi qüdrətini, qısa müddətdə nümayiş etdirdiyi böyük quruculuq potensialını, digər tərəfdən dünyanın biznes və turizm elitasının Qarabağa getdikcə artan marağını ifadə edir.
Səfərdə 11 ölkədən – ABŞ, Böyük Britaniya, Belçika, İsveçrə, Avstriya, Almaniya, İtaliya, İspaniya, Portuqaliya, Polşa və Rusiyadan olan dünya miqyaslı 30-dan çox səyyah iştirak edir. İlk dəfədir ki, dünya səyyahlarını birləşdirən 4 aparıcı beynəlxalq şəbəkənin rəhbərləri Qarabağdadır.
Dünya miqyaslı beynəlxalq səyahətçilər Füzulidən Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək, Ermənistanın törətdiyi daha bir urbisidi, vandalizm və vəhşiliyi öz gözləri ilə görəcəklər, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olacaqlar.