Biləsuvar sakininin evindən “Kalaşnikov” çıxdı

# 12:45
31 yanvar 2022

Biləsuvarda 8 kiloqramdan artıq narkotik vasitə və silah-sursat aşkarlanıb.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 10 nəfər saxlanılıb. Keçirilən əməliyyatla polis əməkdaşları tərəfindən Beyləqan rayon sakini Sahil Tapdıqov tanışı, Sumqayıt şəhər sakini Tərlan Dadaşzadə və Bakı şəhər sakini Nicat Eminovla birlikdə sonuncunun idarə etdiyi “Toyota Prius” markalı avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Onların olduğu avtomobilə keçirilən baxış zamanı oradan 7 kiloqrama yaxın heroin, 1 kiloqram 110 qram tiryək və 500 qramdan artıq metamfetamin aşkarlanaraq götürülüb.

Bundan əlavə Biləsuvar polisi tərəfindən son bir neçə gün ərzində keçirilən ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 7 nəfər saxlanılıb və hər birinin üzərindən hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə aşkarlanaraq götürülüb.

Digər əməliyyat tədbirləri nəticəsində isə qanunsuz odlu silah-sursat saxlamaqda şübhəli bilinən Biləsuvar sakini Mirxanlar Qasımzadə saxlanılıb. Onun yaşadığı evin həyətindəki yardımçı tikiliyə keçirilən baxış zamanı oradan “AK-74” modelli “Kalaşnikov” konstruksiyalı avtomat silahı, həmin silaha aid daraq və 12 ədəd patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Biləsuvar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR