Biləsuvarda sel təhlükəsi, sakinlərə xəbərdarlıq edildi

# 15:11
15 iyun 2023

 

Ötən gecə növbəti dəfə Biləsuvar rayonu ərazisindən keçən Bolqarçayda sel təhlükəsi yaranıb. Görülən tədbirlər nəticəsində çayda sel təhlükəsi aradan qalxıb, səhərə yaxın suyun səviyyəsi aşağı düşüb. Gecə saatlarında Bolqarçay ətrafındakı kəndlərdə yerli sakinlərə sel təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, texnikaları və kiçik həcmli gəmiləri (katerlər) Bolqarçay ətrafına cəlb olunub. Bundan sonra müşahidə məqsədilə nazirliyin Muğan Regional Mərkəzinin 22 nəfərdən ibarət xilasedicisi və 5 nəfərlik sularda xilasetmə dalğıcları Bolqarçay su anbarının (Platina) üstündə qərargah qurublar. Ərazilərə cəlb olunan texnikaların köməyi ilə müəyyən qabaqlayıcı tədbirlər görülüb. Bolqarçayın qollarından keçən sel suları su anbarı ilə yanaşı təsərrüfat əhəmiyyətli kanallara yönləndirilib. Bununla da selin təhlükə yarada biləcəyi yaşayış məntəqələrində suyun həcmi azaldılıb. Səhər saatlarında Biləsuvar Rayon İcra Hakimiyyəti, Bolqarçayda sel təhlükəsi ilə bağlı son məlumatları açıqlayıb. Məlumatda bildirilir ki, gecə saatlarından başlayaraq, İran İslam Respublikası ərazisindən su kütləsinin Bolqarçay çayı vasitəsilə rayon ərazisinə daxil olması müşahidə olunub və sel təhlükəsi yaranıb. Baş verə biləcək fəsadların (sel təhlükəsi) qarşısını vaxtında almaq üçün, Biləsuvar Rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin, FHN-in Şirvan-Salyan Regional bölməsinin, eləcə də digər aidiyyəti idarə, müəssisə və təşkilatların iştirakı ilə yaradılan qərargahın rəhbərliyinin xüsusi tapşırıqlarına əsasən gecə boyu texnikalar vasitəsilə çay üzərində qabaqlayıcı tədbirlər həyata keçirilib. Bolqarçay su anbarında (Platina) yığılan su kütləsi vaxtında boşaldılıb. Daxil olan sel sularının bir hissəsi su anbarına, digər hissəsi Mahmudçala ərazisinə yönəldilib. Bundan başqa çayın müxtəlif hissələrində bəndvurma və sahilbərkitmə işləri aparılıb. Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq, çayda suyun səviyyəsi azalaraq normal vəziyyətə düşüb. Qabaqcadan görülən tədbirlər nəticəsində, sel suları heç bir dağıntı və tələfata səbəb olmayıb. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Biləsuvar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR