BMT Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün 11 milyon dollar ayırıb

# 17:25
25 may 2023

Ağdamda II Beynəlxalq humanitar mina fəaliyyəti konfransı baş tutub.

2020-ci il münaqişəsindən sonra BMT Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə yardım məqsədilə 11 milyon dolların səfərbər edilməsinə yardım edib.

 

Bunu Ağdamda keçirilən II Beynəlxalq mina fəaliyyəti konfransında BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyevka deyib. O, BMT-nin Azərbaycan ofisinin 1999-cu ildən bəri ANAMA ilə tərəfdaşlıq etdiyini xatırladıb.

“Avropa İttifaqının (AI), Böyük Britaniya hökumətinin, digər tərəfdaşların və BMT-nin daxili resurslarının maliyyə dəstəyi ilə üç BMT agentliyi - BMTİP, UNICEF və BMT QAK instusional gücləndirmə, texniki təcrübənin təmin edilməsi və partlayıcı sursat riski ilə bağlı təhsil vasitəsilə ANAMA-nın mina fəaliyyəti səylərini dəstəkləyir. Azərbaycan da daxil olmaqla minala məruz qalmış ölkələrdə mina fəaliyyəti dayanıqlı inkişaf və davamlı sülh üçün fundamental tələbdir” - deyə, o bildirib.

ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, 2020-ci ilin noyabr ayından etibarən azad olunmuş torpaqlarda Azərbaycan tərəfindən aparılan genişmiqyaslı minatəmizləmə əməliyyatları nəticəsində 81 386 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.

 

O bildirib ki, Azərbaycan minalarla ən çox çirklənmiş ölkələrdən biridir: "Bu gizli təhlükələr təkcə insan faciələri törətmir, həm də sosial və iqtisadi inkişafa mane olur. Bu həm də regionda sülh və sabitlik üçün əsas maneədir"-deyə, o əlavə edib.

Azad olunmuş ərazilərdə minatəmizləmə işləri barədə konfrans iştirakçılarını məlumatlandıran ANAMA sədri deyib ki, minatəmizləmə əməliyyatları nəticəsində 81 386 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib, ümumilikdə 88 260 mina və partlamamış hərbi sursat, o cümlədən 28 259 piyada əleyhinə mina, 15 303 tank əleyhinə mina və 44 698 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Azərbaycanın ev sahibliyi etdiyi 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransında, 51 ölkəni təmsil edən 160-a yaxın rəsmi şəxs - sabiq dövlət və hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların, minatəmizləmə sahəsində fəaliyyət göstərən qurumların, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edir.

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR