"Bolmart"da zəhərlənənlər kimlərdir? - HADİSƏNİN SƏBƏBLƏRİ - APA TV

# 18:09
4 iyul 2022

Bakıda marketdə kütləvi zəhərlənmə olub.

APA TV-nin xəbərinə görə, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" supermarketində qeydə alınıb.
Hadisə nəticəsində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

“Bolmart” mağazalar şəbəkəsinin aid olduğu “Promart” MMC-nin rəsmisi Həbib Rəfiyev hadisəyə aydınlıq gətirib. O bildirib ki, zərərçəkənlərin əksəri “Bolmart”ın əməkdaşları olub: ”Zəhərlənməyə səbəb yan binada təmir işlərinin aparılmasıdır. Belə ki, təmirdəki zəhərli qazlar mağazaya daxil olmuşdur və bu səbəbdən zəhərlənmə baş vermişdir”.
Hadisənin detallarına gəlincə isə Səməd Vurğun küçəsində yerləşən tikilidə təmir işləri ilə əlaqədar vurulan örtük maddəsindən ayrılan kimyəvi buxar binaya bitişik olan “Bolmart” supermarketinin və “Midtown” hotelinin havalandırma sistemi ilə sovrulub və obyektlərə ötürülüb.
Kliniki tibbi mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, klinikaya daxil olan bütün şəxslərə ilkin tibbi yardım göstərilib, vəziyyətləri yaxşılaşdığına görə evə buraxılıblar: ”Onlara tibbi məsləhətlər verdik, evə buraxdıq. Demək olar, əksəriyyəti qadın idi, 25-35 yaş arasında olublar”.
Qeyd edək ki, hadisə dünən 11 radələrində baş verib.

Semral Cavad,
Xəyal İskəndərov,
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR