Bu deputatlar mandatsız qala bilərlər: Ermənistanda ara qarışır - APA TV
“Müxalifətin iclası boykot etməsi vətəndaşlara qarşı haqsızlıqdır və müxalifətin qayıdıb-qayıtmaması parlamentin işinə mane olmur”.
APA TV xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
Bu gün parlamentin payız sessiyasının ilk iclası keçirilsə də, müxalif deputatlar iştirak etməyiblər.
Erməni mediasının məlumatına görə, iclasla paralel müxalifət, yəni, “Ermənistan” və “Şərəfim var” fraksiyaları ölkədəki vəziyyət və təhlükəsizlik mövzusunda toplantı keçiriblər. Parlament sədri boykot edən deputatların mandat məsələsinə baxılacağını da bildirib. “Biz onların mandatlarını ləğv etsək, beynəlxalq tərəfdaşlarımız da bizi dəstəkləyəcəklər” deyə, Simonyan əlavə edib.
Xatırladaq ki, müxalifət deputatları mayın 4-də hökumət saatında Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edərək, iclas zalını tərk ediblər. Paşinyan hökuməti müxalifətçiləri mandatdan məhrum etmək üçün Konstitusiya Məhkəməsinə müraciət etməklə bağlı fikir bildirsə də, sonradan bu addımdan əl çəkib.